İcazəsiz zənglər artıq narahatlıq yox, hüquq pozuntusudur - İRAD

Hit: 177
İcazəsiz zənglər artıq narahatlıq yox, hüquq pozuntusudur - İRAD
Son vaxtlar Azərbaycanda telemarketinq zəngləri sözün əsl mənasında insanların əsəblərini tarıma çəkir. Gözlənilməz zənglər, şəxsi məlumatların icazəsiz istifadəsi və müxtəlif “aldadıcı” təkliflərlə edilən psixoloji təzyiqlər narazılıqları artırır.
 
İnsanlar istirahət zamanı belə tanımadıqları nömrələrdən gələn zənglərlə narahat edilir. Belə vəziyyət artıq təkcə narahatlıq deyil, həm də şəxsi sərhədlərə müdaxilə kimi qiymətləndirilir.
 
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan PR və marketinq mütəxəssisi Hüseynov Abbasəlinin sözlərinə görə, bu gün Azərbaycanda telemarketinq anlayışı çox hallarda düzgün başa düşülmür və yanlış tətbiq olunur.
 
Onun fikrincə, əslində, düzgün icra olunduğu təqdirdə, telemarketinq həm şirkətlər üçün effektiv satış aləti, həm də müştəri ilə birbaşa və şəffaf ünsiyyət forması ola bilər:
 
“Mövcud vəziyyət göstərir ki, reallıq bu idealdan xeyli uzaqdır. İnsanlara öncədən xəbərdarlıq edilmədən edilən zənglər etik deyil və birbaşa inamsızlıq yaradır.
 
Bundan əlavə, zəng vaxtına hörmətsizlik – yəni istirahət saatlarında, gecələr və ya dəfələrlə təkrar zənglər – insanların şəxsi həyatına kobud şəkildə müdaxilədir. Bu, telemarketinqin deyil, zəhlətökənliyin təcəssümüdür.
 
Çox zaman təkliflər uzun, dolaşıq və yorucudur. Halbuki effektiv telemarketinq aydın, qısa və qarşı tərəfin ehtiyacına yönəlik olmalıdır. Təəssüf ki, bəzi operatorlar manipulyativ ifadələr – məsələn, “yalnız bu gün keçərlidir” kimi sözlərlə insanlara psixoloji təzyiq göstərirlər. Bu isə etik qaydaları kobud şəkildə pozur.
 
Fikrimcə, operatorlar mütləq etik davranış, ünsiyyət mədəniyyəti və hüquqi çərçivə ilə bağlı təlimlərdən keçməlidirlər. Təəssüf ki, bu gün bir çox operatorlar nəinki təlimsizdir, bəzən kobud və əsəbi davranış sərgiləyirlər ki, bu da şirkətlərin imicinə ciddi zərbə vurur”.
 
Mütəxəssis bildirib ki, dünya təcrübəsində – xüsusilə ABŞ və Avropa Birliyində – bu sahəyə ciddi nəzarət mövcuddur.
 
“Məsələn, zəng etməyin “Do Not Call” siyahıları var və vətəndaş istəmədiyi təqdirdə ona zəng etmək qadağandır. Qanunu pozan şirkətlərə minlərlə, hətta milyonlarla dollar cərimələr tətbiq olunur. GDPR kimi qanunlarla şəxsi məlumatların qorunması təmin edilir.
 
ABŞ-də 2021-ci ildə bir şirkət icazəsiz zənglərə görə 7 milyon dollar cərimələnib. Hətta bir şəxsə dəfələrlə zəng edən şirkət 75.000 dollar təzminat ödəyib.
 
Rusiyada isə icazəsiz zəng edən bir banka 50.000 rubl cərimə kəsilib. Şimal qonşumuzda telemarketinqə çox ciddi yanaşma mövcuddur və bu sahəyə “Roskomanadzor” qurumu nəzarət edir.
 
Bizdə də bu sahədə qanunvericilik təkmilləşdirilməlidir. Hesab edirəm ki, “Zəng etmə” reystri yaradılmalı və vətəndaşların seçim hüququ təmin edilməlidir. Əks təqdirdə, həm şirkətlər, həm də bu sahəyə olan ictimai münasibət daha da mənfiyə doğru inkişaf edəcək.
 
Onu da qeyd edim ki, telemarketinq inam və hörmət üzərində qurulmalıdır – manipulyasiya və zorakı satış prinsipi üzərində yox. Əgər məqsəd uzunmüddətli müştəri münasibəti qurmaqdırsa, bu yanaşma mütləq dəyişdirilməlidir”– deyə A. Hüseynov fikirlərini yekunlaşdırıb.

Gununsesi








Redaktorun seçimi