Ordubadda Ulu Öndərin 102-ci ildönümü qeyd olunub - FOTOLAR

Hit: 536
Ordubadda Ulu Öndərin 102-ci ildönümü qeyd olunub - FOTOLAR
10 may 2025-ci il tarixində Ordubad rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib. Tədbirdən əvvəl iştirakçılar Ordubad şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
 
Faktor.az xəbər verir ki, rayon Mədəniyyət Sarayında keçirilən mərasimdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
 
Giriş nitqi ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, XX əsrin sonlarında ölkəmizin üzləşdiyi mürəkkəb və taleyüklü dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı siyasi xaosdan, iqtisadi tənəzzüldən xilas edərək sabitliyə və inkişafa aparan tarixi yolun əsasını qoyub. “Ulu Öndər Heydər Əliyev yalnız müdrik siyasətçi deyil, həm də dərin strateji baxışa malik dövlət xadimi idi. Onun rəhbərliyi ilə formalaşan Azərbaycançılıq ideologiyası bu gün də dövlətimizin əsas dayaqlarından biridir. Məhz bu ideyalar sayəsində ölkəmiz öz milli dəyərlərini qoruyaraq müasir dünyaya inteqrasiya edə bilmişdir,” – deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb.
 
Çıxışda Ulu Öndərin başlatdığı və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun Azərbaycanın hərtərəfli inkişafını təmin etdiyi diqqətə çatdırılıb.
 
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya miqyasında güclü dövlətə çevrilib, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu, məhz Ulu öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Bu gün mövcud olan qüdrətli, suveren və beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycanın təməli Ümummilli Liderin ideyaları əsasında qoyulub.

Çıxışda, həmçinin vurğulanıb ki, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması, hüquqi dövlət quruculuğu və milli maraqlara əsaslanan inkişaf kursunun müəyyənləşdirilməsi məhz Ulu Öndərin siyasi iradəsi və qətiyyəti sayəsində mümkün olub. Konstitusiyanın yalnız hüquqi deyil, eyni zamanda milli ideologiyanı, dövlətçilik prinsiplərini və xalq iradəsini əks etdirən strateji sənəd olduğu qeyd edilib.
 
Daha sonra Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Etibar İsmayılovun mövzu ətrafında çıxışı dinlənilib.
 
Tədbir çərçivəsində Ordubad Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun IX–XI sinif şagirdləri arasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilmiş “Mən Ordubadı necə görmək istəyirəm?” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
 
Sonda tədbirin bədii hissəsi təqdim edilib. Rayon mədəniyyət müəssisələrinin kollektivlərinin təqdim etdikləri konsert proqramında xalq və bəstəkar mahnıları,  eləcə də vətənpərvərlik ruhunda ifalar səsləndirilib. 
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi