Gənclərin iştirakı ilə “Heydər Əliyev-102” adlı ədəbi-bədii tədbir təşkil edilib - FOTOLAR

Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev-102” adlı təntənəli ədəbi-bədii tədbir keçirilib.
Gənclər Fondundan Faktor.az-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək olub.
Gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrin iştirak etdiyi tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.
Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənətçiləri və gənc ifaçılar Ulu Öndərin sevdiyi vətənpərvərlik ruhunda mahnıları ifa ediblər. Eyni zamanda, gənclər tərəfindən şeirlər səsləndirilib və rəqs kompozisiyaları nümayiş olunub. Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və ölkəmizdə gənclər siyasətinin formalaşmasında gördüyü işlər nümayiş etdirilib.


