Daşkəsəndə TİKA ilə görüş keçirilib

Daşkəsən Rayon İcra Hakimiyyətində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğu tərəfindən Daşkəsən şəhəri ərazisində LED lampalı işıq dirəklərinin quraşdırılması layihəsinin təfərrüatları ilə bağlı görüş keçirilib. Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və RİH-nin məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı layihənin əhəmiyyəti, şəhərin infrastrukturunun yenilənməsi və işıqlandırma sisteminin müasirləşdirilməsi istiqamətində görülən davamlı işlərdən söz açan icra başçısı Orxan Abbasov bildirib ki, TİKA tərəfindən həyata keçiriləcək bu təşəbbüs də Daşkəsən sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, şəhər mühitinin daha təhlükəsiz və rahat olmasına töhfə verəcəkdir.
Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop iki qardaş ölkə – Türkiyə və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulayıb.
TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə layihənin icra prosesindən və gələcək planlardan bəhs edib, bənzər təşəbbüslərin davamlı olacağını bildirib.
Sonda tərəflər birgə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar və layihənin icrası nəzərdə tutulan küçələrə baxış keçiriblər.


