“Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Agentliyin əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil müəssələrinin müəllim və psixoloqları iştirak ediblər.
Agentliyin əməkdaşları İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və insan alveri qurbanlarına göstərilən yardımlar barədə ətraflı məlumat veriblər. Eləcə də, təhsildən yayınan, baxımsız, erkən nikah və məişət zorakılığının qurbanı olan uşaqların gələcəkdə insan alverinin qurbanına çevrilməsinə gətirib çıxarması barədə danışılıb.
Sonda iştirakçılar insan alveri hallarının aktuallığını müzakirə ediblər. Bu halların yaranmasının səbəblərinin araşdırılması, aradan qaldırılmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili barədə fikir mübadiləsi aparılıb.


