Gəncədə “Ümummilli Lider Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi” adlı konfrans keçirilib

Hit: 234
Gəncədə “Ümummilli Lider Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi” adlı konfrans keçirilib
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin, o cümlədən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə dahi şəxsiyyət Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev – Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” adlı konfrans keçirilib.
 
Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Günay Cavadova, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru Fərid Yaqubov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhərdə fəaliyyət göstərən universitet tələbələri və “ASAN xidmət” könüllüləri iştirak ediblər.
 
Əvvəlcə rəsmilər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyinə ekskursiya təşkil olunub, iştirakçılar rəsm sərgisi ilə tanış olublar.
 
Konfransın rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
 
Çıxış edən rəsmilər Ümummilli Lider Heydər Əliyevin dövlətimiz üçün göstərdiyi misilsiz xidmətlərdən, gənclər üçün yaratdığı imkanlardan söz açıblar, gənclərə göstərilən diqqət və qayğını vurğulayıblar.
 
Konfransın panel müzakirəsi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Səyyarə Hüseynzadənin moderatorluğu ilə həyata keçirilib. Bayram Aslanov, Pərvin Kərimzadə, Günay Cavadova və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov mövzu ilə bağlı çıxış ediblər.
 
Sonda mövzu ilə bağlı gəncləri maraqlandıran suallar rəsmilər tərəfindən cavablandırılıb və müzakirələr aparılıb.








Redaktorun seçimi