BDU-da Respublika Gənclər Kitabxanasının fəaliyyətinə dair elmi seminar

Hit: 247
BDU-da Respublika Gənclər Kitabxanasının fəaliyyətinə dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elektron informasiya resursları” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Lalə Məmmədova məruzə edib.
 
Gənc tədqiqatçı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yaranma tarixi, formalaşma və inkişaf mərhələləri barədə məlumatları təqdim edib. Kitabxananın gənclərə informasiya xidmətinin göstərilməsindəki mühüm rolunu diqqətə çatdırıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elektron informasiya resurslarının davamlı olaraq təkmilləşdirildiyini bildirən məruzəçi bu istiqamətdə həyata keçirilən işlər barədə geniş məlumat verib: “Kitabxananın müvafiq şöbəsi tərəfindən elektron kitabxanaya daxil edilən resursların sayı davamlı olaraq artırılır. Burada gənc oxucuların maraq dairəsində xüsusi yer tutan müxtəlif sahələr üzrə yerli və xarici müəlliflərin əsərləri yer alır”.
 
Araşdırmada müəssisənin Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin fəaliyyəti xüsusi təhlil olunub. Qeyd edilib ki, şöbə kitabxana-informasiya xidmətlərinin modernləşdirilməsi, informasiya təminatının müasir üsullarla ödənilməsi, məsafədən elektron informasiya xidmətinin göstərilməsi istiqamətlərində fəaliyyət göstərir.
Məruzədə kitabxananın elektron informasiya resusların inkişaf dinamikası qrafik şəklində təqdim edilib, bir sıra müqayisəli təhlilər aparılıb, kitabxanada keçirilən e-sərgilər və e-layihələr, həmçinin kitabxananın ölkədaxili və beynəlxalq əlaqələri barədə məlumatlar diqqətə çatdırılıb.
 
Tədbirdə iştirak edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Günay Həsənova BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə müxtəlif platformalarda, o cümlədən kitabxana əməkdaşlarının fakültədə elmi-tədqiqat və tədris fəaliyyətinə cəlb edilməsi, tələbələrə kitabxanada təcrübə keçmək imkanlarının yaradılması, birgə tədbirlərin təşkili istiqmətlərində əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb.
Elmi seminar müzakirələrlə davam edib. 








Redaktorun seçimi