BDU-da “Dayanıqlı inkişaf uğrunda qlobal dialoq” simulyasiyası

Hit: 195
BDU-da “Dayanıqlı inkişaf uğrunda qlobal dialoq” simulyasiyası
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf uğrunda qlobal dialoq” adlı elmi simulyasiya keçirilib.
 
Fakültə dekanı, dosent Akif Ağbabalı tədbirin əhəmiyyətindən, tələbələrin elmi fəallığından və bu cür təşəbbüslərin cəmiyyətə olan töhfələrindən danışıb. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) dayanıqlı inkişafla bağlı çağırışlarına toxunaraq, bu sahənin aktuallığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
 
Daha sonra fakültənin TEC sədri Raul İmanov simulyasiyanın məqsədləri, təşkilati mərhələləri və əsas müzakirə mövzuları barədə iştirakçılara məlumat verib.
Simulyasiya zamanı tələbələr müxtəlif ölkələrin nümayəndələri kimi çıxış edərək, qlobal inkişaf, ekoloji təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və davamlı gələcək kimi aktual mövzularda diplomatik debatlar aparıblar. Bu proses gənclərin elmi-analitik düşüncə, ictimai çıxış və qərarvermə bacarıqlarının inkişafına yönəlib.
Tədbir interaktiv və real diplomatik formatda təşkil olunduğu üçün iştirakçılar nəzəri biliklərini praktikada tətbiq etmək imkanı qazanıblar.
Sonda münsiflər heyətinin qərarı ilə “Ən yaxşı nümayəndə” nominasiyası üzrə II kurs tələbəsi Amin Müzəffərli, “Ən yaxşı diplomatik fəaliyyət” nominasiyası üzrə II kurs tələbəsi Səbinə Vahidova və “Ən yaxşı mövqe sənədi” nominasiyası üzrə I kurs tələbəsi Toğrul Mehdiyev sertifikatla təltif olunublar.








Redaktorun seçimi