Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində “Yüksəliş” müsabiqəsi qalibləri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev müsabiqə qaliblərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
O, hər iki qalibə potensiallarının inkişafı və karyera hədəflərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən də dəstək göstəriləcəyini qeyd edib.
Görüşdə Agentliyin fəaliyyət istiqamətləri, əlillik təyinatı, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, onların reabilitasiya vasitələr ilə təminatı, eləcə də müddətli həqiqi hərbi xidmətə çağırılanların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinə barədə müsabiqə qaliblərinə məlumat verilib.
Nicat Qocayev və Eyyub Fətəliyev yaradılan şəraitə və səmimi görüşə görə minnətdarlıqlarını bildiriblər. Qaliblər Agentliyin əldə etdiyi uğurlar və görülmüş işlərlə bağlı öz fikirlərini bölüşüblər.


