Şəhid jurnalist Məhərrəm İbrahimovun ad günündə məzarı ziyarət edilib

Hit: 197
Şəhid jurnalist Məhərrəm İbrahimovun ad günündə məzarı ziyarət edilib
Qarpara mərmər lövhədən boylanan tanış sima… Həmişəki kimi harasa tələsir, harasa yol üstündədir. Biz onu elə beləcə görməyə adət etmişdik. Onu adətən hansısa tədbirə, hansısa ünvana tələsən görmüşük. Əlində bloknot, üzündə təbəssüm... Onda əsl reportyor keyfiyyətləri var idi…
 
Dörd ildir ki, soyuq məzar daşından zillənən baxışlarla sakitcə ürəyimizdə salamlaşır, ürəyimizdə sağollaşırıq. Qəlbimizdə “səni heç vaxt unurmarıq” deyirik…
 
Unudulan da deyil!
 
Necə unudasan? Hər gün bir yerdə oturub-durduğun, eyni ünvanda görüşdüyün, salam verib, salam aldığın, çörək kəsdiyin, acılı-şirinli xatirələri bölüşdüyün sevimli iş yoldaşını, həmkarını necə unutmaq olar?
 
Dörd ildir ki, Məhərrəm İbrahimovun adı dillərdən düşmür, əziz xatirəsi ürəkləri göynədir. Onun qısa və hamımızın gözləri önündə keçən ömür yolu örnək kimi xatırlanır. O, 2020-ci ilin noyabrından başlayaraq işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini qarış-qarış, ev-ev, ünvan-ünvan, kəndbəkənd dolaşaraq doğulduğu Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndindən 50 kilometrlik məsafədə yerləşən Kəlbəcərin Susuzluq kəndində şəhidliyə qovuşdu.
 
Bir il sonra, iyunun 4-də Susuzluq kəndinə gedərkən yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfərin olduğu hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.
 
Mayın 1-də AZƏRTAC-ın əməkdaşları Müşfiqabad qəsəbə qəbiristanlığında şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.
 
Şəhid jurnalistin həmkarları adından çıxış edən Süleyman Qaradağlı onun keçdiyi qısa, lakin şərəfli ömür yolundan, hərbi müxbir kimi fəaliyyətindən, xüsusilə Vətən müharibəsindən sonra azad edilmiş bölgələrdə göstərdiyi fədakar peşə fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, o, azad edilmiş bölgələrə ilk qədəm basanlardan olub, üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən çoxlu mənzərələrlə rastlaşıb.
 
AZƏRTAC-ın İşlər İdarəsinin müdiri Rauf Süleymanov Məhərrəm İbrahimovun xatirəsinin həmişə əziz tutulduğundan bəhs edərək deyib: “Məhərrəmin ailəsi daim dövlət qayğısı ilə əhatə olunub. Şəhid müxbirimiz Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub, ailəsinə yeni mənzil verilib. Yaşadığı məhəllədəki küçə onun adını daşıyır, bulaq inşa edilib. AZƏRTAC-da onun adına xüsusi guşə yaradılıb, hazırda isə barelyefi hazırlanır. Onun xatirəsi həmişə bizim üçün əzizdir və ehtiramla yad edilir. Lakin Məhərrəmin əsas ünvanı onu sevənlərin ürəyindədir”.
 
Həmkarları, iş yoldaşları şəhid jurnalist barədə xatirələrini və ürək sözlərini söyləyiblər.
 
Mərhum jurnalistin ailə üzvləri adından İradə və Səidə İbrahimovalar qardaşlarının xatirəsini əziz tutduqlarına görə AZƏRTAC-ın rəhbərliyinə, kollektivə və ziyarət iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
 
Sonra həmkarları şəhid jurnalistin məzarı üstünə gül-çiçək dəstələri qoyublar.








Redaktorun seçimi