“Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 30-da Səmərqənddə “Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransın açılış mərasimində çıxış edib.
Dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimlərinin qatıldığı Özbəkistanın Elmlər Akademiyasının vitse prezidenti Bahrom Abduhalimovun moderatorluq etdiyi konfransın açılış mərasimində Misir Ərəb Respublikasının Vəqf işləri naziri Şeyx Usama Al-Azhari, Dini İşlər Komitəsinin sədri Sodik Toşboyev, Müsəlman Ağsaqqallar Şurasının baş katibi Mohamed Abdulsalam, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Kholiqnazar, ICESCO-nun baş direktorunun müavini Abdelilah Benarafa, Türkiyə Diyanət İşləri İdarəsinin sədr müavini Kadir Dinç çıxış ediblər. Konfransda Prezidentin müşaviri Ruslanbek Davletov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciətini səsləndirib.
Komitə sədri çıxışında inkişaf edən qlobal mədəni mənzərə ilə birlikdə yeni çağırışların və təhdidlərin yaranması fonunda davamlı sülh və təhlükəsizliyin əsas təməlləri kimi birgəyaşayışı təşviq etmək, habelə tolerantlıq, həmrəylik və multikulturalizm kimi dəyərləri dəstəkləməyin beynəlxalq ictimaiyyətin qarşısında zəruriyyət kimi dayandığını vurğulayıb. Bu baxımdan keçirilən konfransın əhəmiyyətinə diqqət çəkən Ramin Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də İslamın özünəməxsus mahiyyətini və müasir dövrdəki əhəmiyyətini gələcək nəsillərə düzgün şəkildə çatdırmağa yönəlmiş bu təşəbbüslər, həm milli irsə, həm də geniş elmi diskurslara mühüm töhfə verir. İmanın və ağlın qarşılıqlı əlaqəsini rasional İslam düşüncəsi çərçivəsində obyektiv şəkildə təhlil etmək, təkcə İslamın zəngin intellektual irsini daha dərindən anlamağa deyil, həm də dinə yönəlmiş yanlış təsəvvürlərin və əsassız tənqidlərin aradan qaldırılmasına müsbət təsir göstərir.
Dərin mədəni və tarixi bağlara malik Özbəkistan və Azərbaycanın qardaş xalqlarımızı birləşdirən əsas platforma - Türk Dövlətləri Təşkilatı vasitəsilə ortaq türk irsini və dəyərlərini qoruyub saxladığını deyən Komitə sədri hər iki ölkənin sülh, sabitlik və ekstremizmlə mübarizədə birgə səylər göstərdiyini bildirib.
Ramin Məmmədov, eyni zamanda bəşər tarixinə mühüm töhfələr vermiş və İslam sivilizasiyasının əsas tarixi və mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın tarix boyu olduğu kimi, bu gün də İslam dəyərlərinin qorunmasına böyük önəm verməkdə davam etməsi barədə qeydlərini səsləndirib. Bildirib ki, ölkəmiz İslam dəyərlərinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həyata keçirilən mühüm beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Bakıda keçirilən qlobal mədəniyyətlərarası dialoq forumları və Dini liderlərin Qlobal sammitləri kimi tədbirlər – müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün beynəlxalq platforma yaratmağa və Azərbaycan xalqının mədəniyyəti ilə tarixi ənənələrini dünya ictimaiyyətinə təqdim etməyə yönəlmiş təşəbbüslər kimi ölkəmizin tolerantlıq prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılmış mühüm addımlardan biri kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini xüsusilə qeyd edən Komitə sədri bu institutun, İslam və digər dünya dinləri üzrə dərin biliklərə malik yüksəkixtisaslı ilahiyyatçıların hazırlanmasında mühüm rol oynamaqla yanaşı, ölkəmizin dini mühitinin zərərli ideoloji təsirlərdən qorunmasında da əhəmiyyətli yer tutduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri konfransın İslamın həqiqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühüm bir platforma olacağına və ölkələrimizin qlobal sülh və sabitliyin təşviqinə, dini dözümlülüyün inkişafına və dinlərarası dialoqun irəlilədilməsinə yönələn səylərə töhfə verəcəyinə inamını ifadə edib.


