“BDU-dan başlayan liderlik hekayəsi”

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Bakı Dövlət Universitetinin tarix yazan məzunu – BDU-dan başlayan liderlik hekayəsi” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolundan, dövlətçilik ideyalarına sadiqliyindən və ölkəmizin müasir tarixindəki misilsiz rolundan bəhs edib. Ulu Öndərin hakimiyyəti dövründə ölkəmiz iqtisadi, siyasi, sosial, mədəni sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin sosial rifah halı yaxşılaşıb. Bu gün qazandığımız bütün nailiyyətlərin, uğurların əsası dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Dekan qeyd edib ki, Azərbaycanın minlərlə görkəmli dövlət və siyasi-ictimai xadimi Tarix fakültəsinin yetişdirmələridir. Dünya şöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev də BDU-nun Tarix fakültəsinin məzunudur. Ümumilli Lider Heydər Əliyev BDU-nu "Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.
Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev isə çıxışında Ulu Öndər Heydər Əliyev siyasətinin davamlılığından və bu siyasi irsin gənc nəsillər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb. O, Ümummilli Liderin milli dövlət quruculuğuna verdiyi töhfələri konkret faktlarla iştirakçıların diqqətinə çatdırıb.
Sonra Ulu Öndərin zəngin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Tarix fakültəsinin II kurs tələbəsi Çimnaz Nurəliyeva “Heydər Əliyev (1982–1987-ci illər)”, I kurs tələbələri Maral Əlizadə “Heydər Əliyev (1990–1993-cü illər)” və Nigar Abdullayeva “Heydər Əliyev – Müstəqil Azərbaycanın qurucusu və qoruyucusu (1993–2003)” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Ümummilli Liderin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb. Gənc tədqiqatçılar Ulu Öndərin müxtəlif dövrlərdə ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolu elmi yanaşma ilə təhlil ediblər.
Sonda mövzu ətrafında interaktiv müzakirələr aparılıb.


