DGKA-da “Vətən fədailəri” layihəsi çərçivəsində görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Vətən fədailəri” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, “Vətən fədailəri” layihəsinin rəhbəri yazıçı, jurnalist Manya Səxavətqızı, layihənin dəstəkçisi Şahin Məmmədov, şəhid Üvi Rəfiyevin anası Səyyarə Rəfiyeva, şəhid Məhəmməd İsmayılzadənin anası Miranə İsmayılova və şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirin əhəmiyyətindən bəhs edərək belə görüşlərin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin yaşadılmasına, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasına böyük töhfə verdiyini vurğulayıb. O, həmçinin layihənin ərsəyə gəlməsində əməyi keçən hərkəsə təşəkkür edərək bu cür layihələrin gənclər üçün örnək olduğunu bildirib.
"Vətən fədailəri" layihəsinin rəhbəri Manya Səxavətqızı və layihənin dəstəkçisi Şahin Məmmədov çıxış edərək ərsəyə gətirdikləri layihə və kitablar barədə məlumat veriblər. Şəhidlərin və qazilərin xatirəsinin əbədi yaşadılması və onların mübarizəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub. Həmçinin, natiqlər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Daha sonra şəhid anaları da çıxış edərək, oğullarının şücaətini, onların xalq və vətən uğrunda göstərdikləri fədakarlığı qeyd ediblər.
Tədbirdə Manya Səxavətqızının fəaliyyəti və rəhbəri olduğu “Vətən fədailəri” layihəsi, şəhidlərimizin həyatından və mübarizəsindən bəhs edən videoçarxlar nümayiş olunub.
Tədbirin sonunda viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.


