Zərifə Əliyevanın irsi bu gün oftalmologiya sahəsində çalışan həkimlər üçün mühüm yol göstəricidir

Azərbaycanın görkəmli oftalmoloqu, tanınmış elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, aparatın şöbə müdirləri və rayonun səhiyyə müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Zərifə xanım Əliyevanın həyat və elmi irsi haqqında ətraflı danışaraq, onun Azərbaycan tibb elminə verdiyi töhfələridən danışıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat və təşkilati-metodik” bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva Akad. Zərifə Əliyeva haqqında “Zirvələrə yüksələn zərif insan ömrü” təqdimatı ilə çıxış etdi.
O, Zərifə xanımın elmi yaradıcılığı, oftalmologiya sahəsində apardığı tədqiqatlar, eləcə də Azərbaycanda peşə patologiyası və tibbi deontologiya üzrə elmi məktəbin formalaşmasındakı əvəzsiz rolunu diqqətə çatdırdı. Onun müəllifi olduğu “Yüksək əqidə "adlı kitabında "Yüksək əqidə həkimin yüksək vəzifəsidir "qeyd edərək tibbi peşə etikası və deontologiya sahəsində mühüm töhfələr verdiyi qeyd olundu.
Y. Abdıyeva həmçinin Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyan Zərifə xanım Əliyevanın rəhbərliyi ilə Neft Emalı Zavodunda aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən bəhs etdi.
T.e.d. Yazgül Abdıyeva çıxışı zamanı Akademik Zərifə Əliyeva adına Milli Mərkəzin nəzdində fəaliyyət göstərən Səyyar Klinikanın rolunu qeyd edərək, Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramına qoşulmaqla, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və yüksək peşəkarlıqla təşkil olunmuş tibbi müayinələrin uğurla icra edildiyini bildirdi.
Bununla yanaşı, Zərifə xanımın təbiətə olan sevgisinə sadiq qalaraq, onun adını daşıyan mərkəzin əməkdaşları tərəfindən müxtəlif bölgələrdə ağacəkmə aksiyalarının davam etdirildiyi vurğulandı.
Y.Abdıyeva sonda qeyd edərək, bildirib ki, - Akademik Zərifə Əliyevanın irsi bu gün də oftalmologiya sahəsində çalışan alimlər və həkimlər üçün mühüm yol göstəricidir və onun yaratdığı elmi məktəb Azərbaycan səhiyyəsinin inkişafında xüsusi yer tutur.
Akademik Zərifə Əliyevanın əsasını qoyduğu “Peşə oftalmologiyası” sahəsindəki elmi fəaliyyətlər Prof. Elmar Qasımovun rəhbərliyi ilə uğurla davam etdirilir və bu yanaşma mərkəzin bütün alimləri tərəfindən mənimsənilərək elmi-praktik təşəbbüslərdə, o cümlədən neft emalı zavodunda aparılan tədqiqatlarda tətbiq olunur. Onun rəhbərliyi ilə keçirilən konfranslar, tibbi aksiyalar və vebinarlar Zərifə Əliyevanın irsinə sadiqliyi nümayiş etdirərək Azərbaycan oftalmologiyasının zirvə dövrünü yaşamasına xidmət edir.
Tədbirdə həmçinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli,t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Sona İbrahimova, t.ü.f.d. Nuranə Nuriyeva, habelə dr. Leyla Əliyeva, dr. Elçin Həsənov və dr. Natəvan Əliyeva da iştirak edərək Zərifə xanımın elmi irsi və insanlıq keyfiyyətləri ilə bağlı fikirlərini bölüşdülər.


