Zərifə Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

Hit: 181
Zərifə Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında  görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirilib
 
Tədbiri giriş sözü ilə açan TCK-nın direktoru, dosent Əsədulla Sultanov qeyd edib ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin inkişafında əvəzolunmaz rol oynayıb.
 
Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov bildirib ki, Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. O, görkəmli alimin keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün kamillik və müdriklik məktəbi olduğunu vurğulayıb. M.Səfərov qeyd edib ki, Z.Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmində ayrıca bir mərhələ təşkil edir.
 
Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Musayev (Qəlbinur) bildirib ki, Zərifə xanımın təşəbbüsü ilə bir sıra göz xəstəliklərinin profilaktikasına dair tədbirlər həyata keçirilib. Həyatını oftalmologiya elminin inkişafına həsr edən alim çoxsaylı elmi əsər və dərs vəsaitlərinin müəllifi olub. P.Musayev diqqətə çatdırıb ki, tibb işçiləri olaraq Z.Əliyevanın zəngin irsini yaşatmalı, yeni nəsillərə örnək kimi təqdim etməliyik. Böyük alimin əziz xatirəsi daim anılacaq və xalqımızın qəlbində əbədi yaşayacaq.
 
Tədbir zamanı akademik Z.Əliyevanın həyatı və elmi fəaliyyəti haqqında videoçarx nümayış olunub.








Redaktorun seçimi