Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar verib

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar verib.
Bu barədə Faktor.az-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, işin hallarına görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan oğlunu cinayətkar fəaliyyətə cəlb edib, tamah niyyətilə özgənin əmlakını gizli olaraq qəsdən talama məqsədilə rayon ərazisində vətəndaşın istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində elektrik naqilini, 1560 manat dəyərində işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 4970 manat məbləğində maddi ziyan vurublar.
Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs CM-in 170.1 (On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etmə) və 177.2.1-ci (Oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxs olan övladı CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hökmdən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək hökm apellyasiya protestinə münasibətdə, məhkum edilmiş şəxsin cəzaçəkmə müddətinin başlanğıcının hesablanması ilə bağlı hissədə və hökmün nəticə hissəsində qeyd edilən məhkum edilmiş şəxsin ad, soyad və ata adı ilə bağlı hissədə dəyişdirilib, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılıb. Daha sonra iş üzrə Ali Məhkəməyə kassasiya proteti ilə şikayət verilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi budur ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr məhkumun yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək, eyni zamanda, onunla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında oğurluq cinayətini törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmış, lakin, ibtidai araşdırma orqanından fərqli olaraq məhkəmələrin iş üzrə gəldikləri qənaət ondan ibarət olub ki, məhkum cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsi (iş üzrə digər məhkum edilmiş şəxs) tərbiyə etmək vəzifəsini daşımadığına görə o, CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməz, buna görə də o, CM-in 170.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır.
Cinayət qanununun normasında yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxslərə kimlərin aid olması konkret olaraq göstərilməsə də, məhkəmə kollegiyası digər qanunvericilik aktlarının tələblərindən çıxış edərək və məsələyə təkcə ailə qanunvericiliyinin və digər qanunvericilik aktlarının deyil, həm də cinayət qanununun normasının tələbləri baxımından yanaşaraq hesab edib ki, belə şəxslərə ilk növbədə yetkinlik yaşına çatmayanın valideynləri, daha sonra onun qəyyumları və himayədarları, təhsil müəssisələrinin, uşaq evlərinin müəllimləri, tərbiyəçiləri, qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağı övladlığa götürmüş şəxslər, habelə normativ və qeyri-normativ hüquqi aktlarla, məhkəmə qərarları ilə üzərlərinə uşağı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər aiddirlər. Bununla belə, uşağı tərbiyə etmək vəzifəsi üzərlərinə qoyulmamış onun yaxın qohumları və qohumluq əlaqələri olan şəxslər (babalar, nənələr, bacı və qardaşlar və s.), uşağı övladlığa götürməmiş ögey valideynlər və digər şəxslər həm CM-in 170.2-ci maddəsinin, həm də digər qanunvericilik aktlarının tələblərinə və mənasına görə göstərilən maddədə nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməzlər.
Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri məhkumun CM-in 170.2-ci maddəsinin subyekti olmaması, yəni onun yetkinlik yaşına çatmayan övladını tərbiyə etmək vəzifəsini daşımaması barədə nəticəyə gələrkən, bunun əksini təsdiq edən sübutlara lazımi qaydada qiymət verməyib, öz nəticələrini isə qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmayıblar.
Məhkəmə kollegiyası vurğulayıb ki, məhkumun təqsirli bilindiyi oğurluq cinayətini törədənədək onun himayəsində olan uşaqları, o cümlədən övladını tərbiyə etmək vəzifəsindən azad olunmasına əsas olan hər hansı hal müəyyən edilməyib və məhkəmələr bu halı da təsdiq edən sübutları əldə etməyərək yekun məhkəmə aktlarında belə sübutlara əsaslanıblar. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumun törətdiyi yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməlinin qanuna müvafiq qaydada düzgün tövsif edilməsi üçün belə sübutların da əldə edilərək araşdırılması zəruri olub. Çünki hər hansı əsasla şəxsin cinayət törətməyə sövq etdiyi yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsindən azad olunması və ya məhrum edilməsi müəyyən edildikdə onun CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilməsi və onun bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinməsi istisna olunur.
Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin məhkumun cinayətkar fəaliyyətə cəlb etdiyi övladını tərbiyə etmək vəzifəsini daşımaması, buna görə onun əməlinin CM-in 170.1-ci maddəsi ilə tövsif edilməsi haqqında hökmü ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntuya yol verilib və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır.


