Şirvan-Salyan Regional Təhsil İdarəsinin yeni rəhbər heyəti kollektivə təqdim olunub

Aprelin 23-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Şirvan-Salyan Regional Təhsil İdarəsinə səfəri çərçivəsində, idarənin yeni təyin olunmuş müdiri Rəşad Musayev və müdir müavini Hüseyn Hüseynovu kollektivə təqdim edib.
Tədbirdə çıxış edən Eşqi Bağırov yeni təyinatların təhsil sistemində səmərəliliyin və idarəetmənin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, eyni zamanda keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, milli və beynəlxalq qiymətləndirmənin əhəmiyyəti və idarəetmədə nəticəyönümlülük prinsipinin təmin olunması barədə fikirlərini bölüşüb. Eşqi Bağırov, həmçinin, bu məqsədlərə çatmaq üçün çevik və effektiv fəaliyyətin vacibliyini qeyd edib.
Rəşad Musayev çıxışında göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib.


