Bist və Ələhi kənd sakinlərinin müraciətləri dinlənildi - FOTOLAR

Hit: 288
Bist və Ələhi kənd sakinlərinin müraciətləri dinlənildi - FOTOLAR
22 aprel 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Bist kəndində səyyar qəbul keçirilib. Problemlərin yerində araşdırılması, vətəndaş müraciətlərinin və mövcud çatışmazlıqların daha çevik və operativ şəkildə həlli məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri və müvafiq kəndin icra nümayəndəsi iştirak ediblər.
 
Faktor.az xəbər verir ki, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan və beynəlxalq arenada əldə olunan mühim nailiyyətlərdən bəhs edib.
 
Qeyd olunub ki, yeni dünya nizamının formalaşdığı bir dövrdə Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə Azərbaycan, qlobal səviyyədə nüfuzu artan, sözü keçən və təşəbbüsləri ilə seçilən dövlətə çevrilmişdir. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın prinsipial və milli maraqlara əsaslanan siyasəti ölkəmizi etibarlı tərəfdaşa çevirib. Görüş zamanı 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, eyni zamanda, düşmən tapdağından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirildiyi barədə məlumat verilib.
 
İcra başçısı, ölkəmizin türk dünyası ilə əlaqələrinə toxunaraq Prezident İlham Əliyevin "Bizim türk dünyasından başqa ailəmiz yoxdur" bəyanatını xatırladıb. Həmçinin tezliklə reallaşması gözlənilən Zəngəzur dəhlizi layihəsi barədə danışıb. Bildirilib ki, bu dəhliz türk dünyası, eləcə də Avropa və Asiya qitələri arasında böyük kommunikasiya dəhlizlərinin keçəcəyi marşrut olaraq mühim əhəmiyyət kəsb edir. Layihənin reallaşması Muxtar Respublikanın, eləcə də dəhlizin əsas giriş qapısı hesab olunan Ordubad rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.
 
“2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında məlumat verən İcra başçısı, 2025-ci ildən etibarən dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətləndiyini bildirib. Çıxış zamanı, rayon ərazisində yaxın perspektivdə mədən sənayesi sahəsinin yenidən dirçəldilməsi, daxili yolların bərpası və turizmin inkişafı istiqamətində də müvafiq işlərin görüləcəyi bildirilib.
 
Görüşdə eyni zamanda, Ordubad Su Elektrik Stansiyasında görülən işlər və bu obyektin Muxtar Respublikanın enerji təminatında oynayacağı əhəmiyyətli rol qeyd olunub. Bununla yanaşı, Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirən alternativ nəqliyyat yollarının inkişaf etdirilməsinin gündəmdə olduğu və bu istiqamətdə də müvafiq addımların atıldığı nəzərə çatdırılıb. 
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların məşğulluq, su, yol, otlaq sahələrindən istifadə, ictimai nəqliyyat ilə təminat və sair məsələlərlə bağlı səsləndirdikləri problemlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 
 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kəndə səfəri çərçivəsində qədim və tarixi əhəmiyyətə malik Bist körpüsünə də baxış keçirib, mövcud problem və çatışmazlıqların aradan qaldırılması ilə bağlı  aidiyyəti üzrə göstəriş verib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi