Alimlərimiz Qazaxıstan universitetində mühazirələr oxuyub

Hit: 130
Alimlərimiz Qazaxıstan universitetində mühazirələr oxuyub
ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayev aprelin 6-dan 12-dək Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universiteti rəhbərliyinin dəvəti ilə “Qonaq professor” proqramı çərçivəsində mühazirələr oxuyublar
 
Qeyd edək ki, 2022-ci ilin mart ayında ATU ilə Qazaxıstan universiteti arasında elm və səhiyyə sahəsində birgə əməkdaşlıq memorandumu imzalanıb. Səfər müddətində ilk olaraq Elm Həftəsi çərçivəsində professor E.Qasımov tərəfindən “İnsan dərisində buynuzlaşma prosesinin və epidermisin yenilənməsinin ultrastruktur və molekulyar əsasları”, dosent F.Rzayev tərəfindən isə “Bioloji obyektlərin ultrastruktur tədqiqinin müasir üsulları” mövzularında master-klaslar keçirilib. Bununla yanaşı, universitetin Histologiya kafedrasının müdiri Janat Eskarayevnanın rəhbərliyi ilə orada aparılan tədris prosesi, maddi-texniki baza və laboratoriyalarla tanışlıqdan sonra gənc alim, tədqiqatçı və tələbələr üçün E.Qasımov “Qaraciyərdə detoksikasiya prosesinin və öd əmələ gəlməsinin ultrastruktur əsasları”, F.Rzayev isə “Stress şəraitində hüceyrələrdə baş verən dəyişikliklərin ultrastruktur xüsusiyyətləri” mövzularında mühazirələr oxuyublar.
 
“Qonaq professor” proqramı çərçivəsində alimlərimizin elmi məsləhətçiləri olduğu, fəlsəfə doktoru elmi adı almaq üçün (PhD) “Tibb” ixtisası üzrə təhsil alan doktorantlar Kuanış Baytenov və Altınay Jurqenova ilə görüşlər keçirilib. Görüşlərdə elmi-tədqiqatların yerinə yetirilməsi istiqamətində müzakirələr aparılıb, əldə olunan bəzi nəticələr əsasında hazırlanan məqalələrə dair tövsiyələr verilib. Adları çəkilən doktorantların elmi işlərinin bir hissəsinin ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasında və EAM-ın Elektron mikroskopiya şöbəsində yerinə yetirilməsi də planlaşdırılıb.
 
Alimlərimiz Qərbi Qazaxıstan Tibb Universitetinin əməkdaşları ilə birgə elmi- tədqiqatların yerinə yetirilməsi, nəticələrin nüfuzlu jurnallarda nəşr olunması, beynəlxalq layihələrin hazırlanması və onların icra olunması istiqamətində işlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.








Redaktorun seçimi