“Konstitusiya və Suverenlik İli” nə həsr olunan praktik seminar

Hit: 114
“Konstitusiya və Suverenlik İli” nə həsr olunan praktik seminar
Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının ilk dövlət Konstitusiyası” mövzusunda tələbələr üçün praktik seminar keçirilib.
 
Seminarda çıxış edən BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının dövlətçilik tariximiz, milli qanunlarımız, eləcə də suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi, geniş təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə demokratik prinsiplərin bərqərar olunması, siyasi islahatların həyata keçirilməsi istiqamətində atdığı mühüm addımları vurğulayıb və 1995-ci il, noyabrın 12-də qəbul olunan yeni Konstitusiyanı bu islahatların tərkib hissəsi kimi qeyd edib. Eyni zamanda sonrakı mərhələdə Prezident İlham Əliyevin dövlətin ali qanununun daha da təkmilləşdirilməsi ilə əlaqədar gördüyü böyük işləri sadalayıb, habelə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində dövlət suverenliyimizin tam bərpasının ölkəmizin böyük tarixi qələbəsi olduğunu söyləyib.
 
Sonra kafedranın dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Xaqan Balayev və müəllimi Ramiz Nəcəfli mövzuya dair məruzə ilə çıxış ediblər. Məruzələrdə müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşlara verilən hüquq və azadlıqlardan, ölkənin siyasi-ərazi quruluşu, hakimiyyət qolları və onların vəzifələrindən geniş bəhs olunub. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı müxtəlif vaxtlarda  keçirilən referendumlar barədə də danışan məruzəçilər onların demokratik dəyərlər, siyasi azadlıqların atrılması, beynəlxalq təcrübə ilə möhkəmlənməsi mahiyyəti daşıdığını bildiriblər. Seminarda, həmçinin Azərbaycanın suverenliyinin pozulduğu dövr, mürəkkəb siyasi şərait tarixi xronologiya ilə nəzərə çatdırılıb, eləcə də 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ardınca qısamüddətli uğurlu antiterror əməliyyatları ilə ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun tam bərpa olunduğu vurğulanıb.








Redaktorun seçimi