Baş Prokurorluqda kibercinayətlərin istintaq metodikası üzrə təlim keçirilib

Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”sına uyğun olaraq, ölkəmizdə kibertəhlükəsizlik sahəsində mübarizə potensialının və cinayət təqibinin effektivliyinin artırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Tədbirlərin davamı olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin 16–18 aprel tarixlərində prokurorluq əməkdaşları üçün “Kibercinayətlərin aşkar edilməsi və istintaq metodikası” mövzusunda təlim təşkil olunub.
Təlimdə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ədliyyə Nazirliyinin mütəxəssisləri təlimçi qismində çıxış edib. Tədbirə iştirakçılar həm əyani, həm də distant formatda qatılıblar.
Tədris proqramı çərçivəsində kibercinayətlərin istintaq metodikası, kibercinayətlər üzrə əməllərin tövsif xüsusiyyətləri, rəqəmsal sübutların toplanması, təhlili və qorunması, kiberməkanda baş verən dələduzluq cinayətlərinin ibtidai istintaqı üzrə prosessual nəzarət mexanizmləri, kibercinayətkarlıqla mübarizədə süni intellekt və maşın öyrənmə alətlərindən istifadə, eləcə də müasir kriminalistik üsulların tətbiqi kimi mühüm mövzular əhatə olunub.
Təlimin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.


