Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

Hit: 230
Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər
“The Journal of Positive Psychology” jurnalında dərc olunmuş yeni sistematik icmal vizual sənətə baxmağın insan rifahını artırmaqda təsirli ola biləcəyini ortaya qoyub.
 
AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat Avropa psixoloqları tərəfindən - Vyana Universiteti, Dublin Triniti Kolleci və Berlin Humboldt Universitetinin əməkdaşlığı ilə aparılıb və 38 əvvəlki tədqiqatın nəticələrinə əsaslanaraq 6805 iştirakçının məlumatlarını təhlil edib.
 
Tədqiqat Edvard Munkun “Qışqırıq”, Vinsent Van Qoqun “Ulduzlu gecə” və digər klassik və müasir vizual sənət nümunələrinin sadəcə izlənilməsinin belə psixoloji rifah göstəricilərini artırdığını müəyyən edib. Əldə olunan nəticələrə əsasən, sənətə baxmaq xüsusilə eudemonik rifahı - yəni həyatın mənası və şəxsi inkişaf hissi ilə əlaqəli rifah növünü - gücləndirir. Tədqiqatçılar vurğulayırlar ki, bu müsbət təsirlər yalnız sənət qalereyalarında və muzeylərdə deyil, həm də klinik və xəstəxana mühitlərində, eləcə də virtual reallıq vasitəsilə müşahidə edilə bilib. Fiqurlu və abstrakt rəsm əsərləri, müasir instalyasiyalar, fotoqrafiya və heykəltəraşlıq daxil olmaqla vizual sənətin müxtəlif formaları rifah üzərində eyni dərəcədə faydalı təsir göstərib.
 
Vyana Universitetinin tədqiqatçısı və aparıcı müəllif MacKenzie Trupp bildirib: “İnsanlar incəsənəti tez-tez lüks hesab etsə də, bizim araşdırmalarımız göstərir ki, sənətə baxmaq - istər hobbi, istərsə də məqsədyönlü sağlamlıq müdaxiləsi kimi - rifahı mənalı şəkildə dəstəkləyə bilər”. O, bu nəticələrin sənəti ictimai sağlamlıq strategiyalarına və gündəlik həyat mühitlərinə daha sıx şəkildə inteqrasiya etmək üçün yeni imkanlar yaratdığını vurğulayıb.
 
Dublin Triniti Kollecindən Psixologiya Məktəbinin köməkçi professoru Claire Hovlin isə əlavə edib: “İncəsənət yaratmağın psixi sağlamlıq faydaları uzun müddətdir ki, araşdırılır. Lakin sənətə baxmağın potensialı bu günə qədər yetərincə qiymətləndirilməyib. Halbuki vizual sənətə gündəlik məkanlarda - xəstəxanalarda, evlərdə və ictimai məkanlarda rast gəlinir və bu, rifahı artırmaq üçün mühüm fürsətdir”.
 
Tədqiqat, həmçinin bu sahədəki əvvəlki araşdırmalar arasında metodoloji uyğunsuzluqları və nəticələrin standartsızlığını aşkar edib və bununla bağlı gələcək tədqiqatlar üçün yeni hesabatlaşdırma standartları - Receptive Art Activity Research Reporting Guidelines - irəli sürülüb. Araşdırma Avropa İttifaqının Horizon 2020 çərçivəsində maliyyələşdirilən ARTIS layihəsi tərəfindən dəstəklənib. Alimlər bu nəticələrin incəsənətin psixoloji sağlamlığa təsiri sahəsində daha geniş və standartlaşdırılmış tədqiqatlara yol açacağına ümid edirlər.








Redaktorun seçimi