BDU-da respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda Gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov abidələrin qorunması, gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib. O, abidələrin təkcə tarixin yadigarları deyil, maddi-mədəniyyət nümunələri, xalqımızın bu regionda mövcudluğunun daş pasportları olduğunu bildirib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Milli tariximizin öyrənilməsində abidələrin və tarixi yerlərin əhəmiyyəti” adlı məruzəsində tarixi abidələrin xalqın qədim tarixinin, identikliyinin göstəricisi olduğunu, onların içərisində arxeoloji abidələrin xüsusi yer tutduğunu qeyd edib. Diqqətə çatdırıb ki, konfransa AMEA Arxeologiya və Antropologiya İnstitutu, BDU-nun Qazax filialı, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Lənkəran Dövlət Universiteti, “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğu, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğundan çoxsaylı tezis daxil olub, onlardan 41-i konfransın təşkilat komitəsi tərəfindən qəbul edilib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev milli-mədəni irsimizin, tarixi kökümüzün araşdırılması və təbliğində gənclərin rolunu vurğulayıb, dünya muzeylərində olan, eləcə də erməni vandalizminə məruz qalmış maddi mədəniyyət nümunələrinə sahib çıxa bilmək üçün elmi tədqiqatların aparılmasının vacibliyini bildiriblər.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Turan Eldarov “Qobustan abidələrinin tədqiqatları: tarixi, müasirlik və perspektivlər”, BDU-nun magistrantı Aynur Ağayeva “II Kültəpə yaşayış yeri: Azərbaycanın erkən şəhərlərində gündəlik həyat” mövzularında məruzə ediblər.
Konfrans öz işini 6 bölmədə davam etdirib.


