Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Unus kəndində səyyar qəbul keçirdi - FOTOLAR

Hit: 353
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Unus kəndində səyyar qəbul keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin yerində araşdırılması və mövcud problemlərin birbaşa həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 18 aprel 2025-ci il tarixdə Unus kəndində səyyar qəbul keçirilib.
 
Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbir iştirakçılarını salamlayaraq ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, həmçinin sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu xətt ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
O, son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində sosial rifahın yaxşılaşdırılması və regionların inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb, aparılan davamlı inkişaf siyasətinin vətəndaşların rifahının yüksəldilməsinə yönəldiyini qeyd edib. Çıxışda həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin ölkəmizin hərbi və siyasi mövqeyini gücləndirdiyi, eləcə də dünya ictimaiyyətində ölkəmizə olan etimadı artırdığı bildirilib. Düşmən işğalından azad olunan Şərqi Zəngəzur və Qarabağ ərazilərində müasir quruculuq işlərinin aparılması qeyd olunub.
 
Görüşdə yaxın perspektivdə reallaşması gözlənilən Zəngəzur dəhlizi layihəsinin ölkəmizin Türk dünyası ilə mədəni-siyasi, sosial-iqtisadi əlaqələrini gücləndirəcəyi, bölgədə nəqliyyat əlaqələrinin intensivləşməsi və turizm imkanlarının artması sayəsində Ordubad rayonunun inkişafına mühüm təsir göstərəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirən alternativ nəqliyyat yollarının inkişaf etdirilməsinin gündəmdə olduğu və bu istiqamətdə də müvafiq addımların atıldığı diqqətə çatdırılıb. 
 
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərə toxunaraq, 2025-ci ildən etibarən nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətləndirildiyini bildirib. Bu istiqamətdə, Ordubad rayonunda mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturunun yenidən qurulması və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçiriləcəyi, eləcə də rayonun gələcəkdə mühüm turizm mərkəzinə çevrilməsi üçün məqsədyönlü addımların atılacağı qeyd edilib.   Həmçinin yaxın gələcəkdə xalçaçılıq-ipəkçilik və konserv məhsulları istehsal edən müəssisələrin yaradılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.
 
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, məşğulluq, səhiyyə, torpaq sənədləşdirilməsi, zərərverici heyvanlara qarşı müvafiq mübarizə tədbirlərinin görülməsi və sair problemləri ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
1
1
1
1
1








Redaktorun seçimi