Dəyərli alim, nəcib ziyalı, layiqli vətəndaş

Hit: 329
Dəyərli alim, nəcib ziyalı, layiqli vətəndaş
Qərbi Azərbaycanın Çəmbərək rayonunun Şorca kənd İcmasının 2024-cü ilin əvvəlində “Ağsaqqallar Şurasının” sədri seçilmiş Məcid Məsimovun həyat yaradıcılığı olduqca zəngindir.
 
Faktor.az  Məcid Məsimovun həyat və yaradıcılığına qısa nəzər salır.
 
Məsimov Məcid Oruc oğlu 18.04.1955-ci il tarixində Göyçə Mahalının Çəmbərək rayonunun Şorca kəndində müəllim ailəsində anadan olmuşdur. Ermənistan SSR Krasnoselo (Çəmbərək) rayon orta məktəbinin rus bölməsini 1972-ci ildə bitirdikdən sonra həmin ildə S.M. Kirov adına Qorkiy Dövlət Tibb İnstitutuna (RF) qəbul olmuşdur. Həmin institutu
 
“Uşaq Cərrahlığı” ixtisası üzrə 1978- ci ildə bitirmişdir. Tibb institutunu bitirdikdən sonra 01.08.1978 – 26.12.1988-ci illərdə Qorkiy Elmi Tədqiqat Travmatologiya-Ortopediya və Bərpaetmə cərrahiyyə İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır. Həmin institutda 1981–1983-cü illərdə travmatologiya və ortopediya ixtisası üzrə əyani aspiranturada oxumuş və namizədlik dissertasiyasını Moskva şəhərində SSRİ-nin Səhiyyə Nazirliyinin Mərkəzi Elmi Tədqiqat Travmatologiya Ortopediya İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdir. Eyni zamanda (1981–1983 i.) Qorkiy Patentşünaslıq institutunda qiyabi təhsil almış və həmin institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Patentşünaslıq kvalifikasiyasına da nail olmuşdur. Qorkiy Dövlət Tibb institutunun müalicə-profilaktika fakültəsinin anatomiya kafedrasında 1987–1988-ci illərdə assistent vəzifəsində çalışmışdır. Həmin institutda həkimləri təkmilləşdirmə fakültəsində 1987-ci ildə “Döş qəfəsi və qarın boşluğu orqanlarının xəstəlikləri və travmaları zamanı təxirəsalınmaz cərrahiyyə”, 1988-ci ildə Kurqan şəhərində “İlizarov üsulu ilə kompression-distraksion osteosintez”, 1994-cü ildə Kiyev şəhərində “travmatologiya və ortopediyada stabil funksional osteosintezin nəzəri əsasları və praktiki prinsipləri” ixtisasartırma kurslarını keçmişdir.
 
Qarabağ hadisələri ilə bağlı 1988-ci ilin dekabr ayının 27-də vətənə qayıdaraq, 1992-ci ilədək Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda həkim, baş elmi işçi və həmin dövrdə Azərbaycan Tibb İnstitutunun Travmatologiya-Ortopediya və Hərbi Səhra Cərrahiyyəsi kafedrasının assistenti vəzifələrində çalışmışdır.
1988-ci ildə başlayan Armeniya-Azərbaycan müharibəsi aktiv fazasına keçən dövrdə 1992-ci ilin aprel ayının 18-də AR Silahlı Qüvvələri sıralarına könüllü olaraq daxil olmuşdur. Həmin tarixdən Azərbaycanın ilk rəsmi hərbi travmatoloqu olaraq 2000-ci ilə qədər Mərkəzi Hərbi Klinik Hospitalının Travmatologiya bölməsinin rəisi – Silahlı Qüvvələrin Baş Travmatoloqu vəzifələrində çalışmışdır. Ordumuzun travmatologiya sahəsində baş mütəxəssisi olduğu üçün, mütəmadi olaraq cəbhə bölgələrində çoxsaylı ezamiyyətlərdə olmuşdur. Ona tibb xidməti polkovniki hərbi rütbəsi 2000-ci ildə verilmişdir.
 
Ölkəmiz müharibə vəziyyətində olduğu üçün Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində 04.08.2000-ci il tarixində açılan yeni Hərbi Tibb Fakültəsinin Cərrahiyyə kafedrasının ilk rəisi təyin edilmiş və həmin vəzifədə 2006-cı ilə qədər çalışmışdır. Yeni yaradılmış kafedra hərbi- həkim kadrlarının yetişdirilməsində bu gündə fəaliyyətini uğurla davam etdirir. Həmin dövrdə ATU- nun Hərbi Təbabət Problem komissiyasının sədri olmuşdur. Tədris prosesi ilə paralel çox faydalı elmi-tədqiqatlar aparılmış və nəticədə qısa müddət ərzində kafedranın dissertantları tərəfindən 2 doktorluq, 6 namizədlik dissertasiya işləri icra olunmuşdur. Onun tərəfindən dünya hərb cərrahiyyəsində analoqu olmayan və yüksək effektivliyi ilə fərqlənən bir sıra yeni müalicə metodları ixtira olunmuş və bu sahədə ölkəmizin prioriteti alınmış patentlər ilə qorunmuşdur. Ordumuzun 100- illik tarixində 2005-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK)
 
qərarı əsasında dissertasiyasını Rusiya Federasiyasında uğurla müdafiə edərək – ilk elmlər doktoru adına nail olmuşdur. AAK-ın qərarı ilə 2006-cı il 31 yanvar tarixində Dosent elmi adı almışdır.

Hərb cərrahiyyəsinə aid 1992-2005-ci illərdə elmi-tədqiqat işlərinin əsas praktiki əhəmiyyəti ondan ibarət olmuşdur ki, onun tərəfindən yaradılan yeni ortopedik-cərrahi reabilitasiya sistemi və texnologiyası dayaq-hərəkət aparatının ağır və həddən ziyadə ağır travmaları zamanı ölüm faizini 9-10 dəfə azaldaraq minimuma endirmiş və eyni zamanda travmaların ən ağır dərəcəli olmasına baxmayaraq ətrafları amputasiyadan qoruyaraq pasientləri əlillikdən xilas edir. Bunun da tibbi-sosial aspektləri ilə yanaşı, çox böyük iqtisadi əhəmiyyəti var, belə ki, dövlətimiz tək bir nəfər III dərəcə Qarabağ müharibəsi əlilinə ömrü boyu ən azı 94038 $, II dərəcəyə 160904 $, I dərəcəyə isə 209043 $ ABŞ dolları məbləğində xərc çəkir. Nəzərə alsaq ki, minlərlə insanlar yaradılan və tətbiq edilən yeni müalicə texnologiyası hesabına əlillikdən azad olunmuşdur, çox aydın məlum olur ki, dövlət büdcəsinə maliyyə cəhətdən nə böyüklükdə qənaət olunmuşdur.
 
2006-2010-cu illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb hissəsinin rəisi (baş həkimi), 2010-2012-ci illərdə isə – MN Hərbi Tibb İdarəsinin rəisi-Silahlı Qüvvələrin Tibb Xidməti rəisi vəzifələrində çalışmışdır. Bu dövrdə SQ Tibb Xidmətinin maddi- texniki bazasının əsaslı dərəcədə yenilənməsi, zəruri şöbələrin açılması ilə nəticələnən səmərəli ştat restrukturizasiyası, Türkiyə “Gülhanə” Hərbi Tibb Akademiyasına “TUS” imtahanlarını vermədən Uzmanlıq proqramı çərçivəsində tibbin müxtəlif sahələri üzrə 30-a yaxın hərbi-həkimlərin təhsil almağına nail olunması, müalicə-diaqnostika işlərinin lazımi səviyyəyə yüksəldilməsi – mahiyyətli nailiyyətlər kimi rəhbərlik tərəfindən qiymətləndirilmişdir. AR Prezidenti Sərəncamı ilə “Əməkdar Həkim” fəxri adı və AR MN əmirləri ilə Azərbaycan Ordusunda “Qüsursuz Xidmətə” görə çoxsaylı medallar ilə təltif olunmuşdur.
 
Pedaqoji-elmi fəaliyyətinə 2012-ci ilin 22 noyabr tarixində qayıtmışdır. Həmin tarixdən 24.09.2013-cü il müddətində – ATU-nun Hərbi Tibb Fakültəsi rəisinin tədris və elmi işlər üzrə müavini – tədris hissə rəisi vəzifələrində çalışmışdır. AR Silahlı Qüvvələrindən 24.09.2013-cü il tarixindən yaşına görə təxris olunmuşdur. Tibb elmlər doktoru, dosent və ehtiyatda olan tibb xidməti polkovniki olmağına baxmayaraq, 21.04.2014 – 02.03.2020-ci il tarixinədək ATU-nun Hərbi Tibb Fakültəsinin Cərrahiyyə kafedrasında professor ştatı olmadığı üçün – 6 il müddətində baş müəllim vəzifəsində çalışmışdır. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ölkəmiz son on illər ərzində məcburi müharibə vəziyyətində olduğuna görə, 2000-ci ildən başlayaraq, milli hərbi həkim və feldşer potensialının yaradılması nə dərəcədə mühüm rol oynayır – hamıya məlumdur.
 
ATU-nun travmatologiya və ortopediya kafedrası üzrə professor vəzifəsini tutmaq üçün 16 yanvar 2020-ci il tarixli elan edilmiş müsabiqədə iştirak etmək üçün müvafiq qaydada ərizə ilə müraciət etmiş və Fakültə Elmi Şurasının qərarı əsasında 02.03.2020-ci il tarixində Travmatologiya və Ortopediya kafedrasına professor vəzifəsinə təyin edilmişdir. Lakin, Qarabağ müharibəsi Veteranı kimi, hərbi travma cərrahiyyəsinin təşkilində zəngin təcrübəsi olduğuna görə, Covid-19 pandemiyasının və II Qarabağ Vətən Müharibəsi dövründə 07.10.2020-ci ildə “TƏBİB”-n Koordinasiya Departamentinin rəhbəri vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 18.01.2022-ci il tarixinədək çalışmışdır. Kafedrada isə – vəzifəsini əvəzçilik üzrə davam etdirmişdir. Həmin dövrdə cəbhə bölgəsində və ölkəmizin tibb müəssisələrində minlərlə yaralanmış əsgər və zabitlərin həyatını xilas etməkdə və qazilərimizin pandemiya şəraitində yüksək səviyyədə müalicə prosesinin təşkilində bilavasitə aktiv iştirak etmişdir. Vətən müharibəsi Qələbəmiz ilə bitdikdən sonra, 18.01.2022-ci il tarixində yenidən Travmatologiya və Ortopediya kafedrasına professor vəzifəsinə müsabiqə yolu ilə seçilmişdir və hal hazırda həmin vəzifədə çalışır.
 
Elmi-pedaqoji və ixtiraçılıq fəaliyyətində 150-dən çox əsərin, o cümlədən 2 monoqrafiyanın, 1 tədris-metodik vəsaitin və dərsliyin, 10 ixtiranın, 30-dan çox səmərələşdirici təkliflərin müəllifidir.
 
Dörd nəfər tibb üzrə fəlsəfə doktorunun elmi rəhbəri  və məsləhətçisi olmuşdur. Universitetimizin dissertasiya şurasının, Böyük Elmi Şurasının üzvü və Hərbi Təbabət üzrə Problem komissiyasının sədri olmuşdur. Hal-hazırda fakültə Elmi şurası, Cərrahiyyə üzrə problem komissiyasının, AAK-n Ekspert Şurasının və iki elmi jurnalın redaksiya heyətinin üzvüdür.
 
Ölkəmizdə və xaricdə təşkil olunan kurs və beynəlxalq elmi-praktik forumlarda (seminar, konfrans, simpozium, konqres və s. ) mütəmadi olaraq iştirak edir. SSRİ-i dövründə “1983-cü ildə İxtiraçılığın və Səmərələşdiriciliyin Əlaçısı” döş nişanı və 2018-ci ildə Ambroise Pare Beynəlxalq Hərbi Cərrahiyyə forumunun “Norman Rich” mükafatına layiq görülmüşdür.

Qərbi Azərbaycanın Çəmbərək rayonunun Şorca kənd İcmasının 2024-cü ilin əvvəlində “Ağsaqqallar Şurasının” sədri seçilmiş və bu istiqamətdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyi özünə müqəddəs borc hesab etmişdir.

 
 








Redaktorun seçimi