"Qədim Alban yolu” kitabı və saytının təqdimatı olub

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev və “Azerbaijan Mountain Guide” şirkətinin təsisçisi Babək İsgəndərovun ərsəyə gətirdiyi "Qədim Alban yolu” kitabı və albanyolu.az saytının təqdimatı keçirilib.
Öncə çıxış edən universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov kitabı tarixlə turizmi birləşdirmə nöqteyi-nəzərindən maraqlı və yeni tədqiqat kimi qiymətləndirib. Eyni zamanda ölkəmizin ərazisində uzun bir səyahətə çıxmaq, qədim tariximizin izlərini dərindən araşdırmaqla müəlliflərin bugünkü və gələcək nəsillər üçün dəyərli mənbə ortaya qoyduqları diqqətə çatdırılıb.
Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva isə çıxışında ölkəmizin qədim maddi-mədəniyyət abidələrinin üzərinə işıq salmağın hər zaman tarixçilər qarşısında dayanan çətin və şərəfli missiya olduğunu deyərək müəllifləri təbrik edib, kitabın gənclər, bütün tarixsevərlər üçün faydalı olacağına inandığını vurğulayıb.
Sonra müəlliflər kitabın necə ərsəyə gəlməsi ilə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, “Qədim Alban yolu” layihəsi bir alpinistlə bir tarixçinin əməyinin məhsulu kimi ortaya qoyulub və layihə Azərbaycanın Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, eləcə də Şahdağın ətəklərindən Qusar, Xınalığa qədər uzanan böyük bir yolçuluğu əhatə edib. Bu səyahətdə qədim Alban mədəniyyətinin nümunələri araşdırılıb, Azərbaycanda xristianlığın izləri konkret faktlarla öyrənilib. Təqdimatda qeyd olunub ki, kitaba daxil edilən tarixi gerçəkliklər ermənilərin Çar Rusiyası tərəfindən Azərbaycan ərazilərində məqsədli şəkildə yerləşdirildiyini, onların saxtakarlıqla Alban mədəniyyətinə sahib çıxdıqlarını bir daha təsdiqləyir.
Sonda müəlliflər gələcəkdə səyahət və tədqiqatın Gürcüstan, həmçinin Dərbənd istiqamətindəki yollar üzərində olacağını diqqətə çatdırıblar.


