"Regional İnkişaf" İctimai Birliyi tərəfindən maarifləndirici təlimlər

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə
"Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub.
Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə keçirilən təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisi Aygün Nərimanova tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, 192 və 216 nömrəli tam orta məktəblərdə keçirilən təlimlərdə isə ETSN-in Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılmasında gənclərin rolu mövzularında şagirdlərə təlimlər keçirilib.
Eyni zamanda, məktəblilərə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəliklərlə iş şöbəsinin aparıcı mütəxəssisi Surə Əliyeva tərəfindən özünü inkişaf və karyera planlaması mövzuları haqqında da məlumatlar verilib.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, məsuliyyət hissinin inkişaf etdirilməsi ekoloji məsələlərə həssas yanaşmanın təşviq edilməsi və şəxsi inkişaf bacarıqlarının artırılmasına dəstək verilməsidir.


