Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə ANAMA- da görüş keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Azərbaycanda mövcud mina probleminin miqyası, ərazilərin nizamsız şəkildə minalanması, eləcə də bu təhlükənin aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə nümayəndə heyətinə geniş təqdimatla məlumat verilib.
Zukan Helez, Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı ətraflı təqdimata görə təşəkkür edərək, gördüklərindən təsirləndiyini və ölkəsinin də eyni problemlə üzləşdiyini diqqətə çatdırıb.
Görüşdə mina təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan hər iki ölkənin müvafiq qurumlarının qeyd edilmiş sahədə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


