Dünya sənin, dünya mənim, dünya heç kimin

Bu gün unudulmaz şair Məmməd Arazın doğum günüdür.
Şair, publisist, tərcüməçi Məmməd Araz 1933-cü il oktyabrın rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedoqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb.
"Sevgi nəğməsi", "Üç oğul atası", "Araz axır", "Mən səni taparam", "Oxucuya məktub", "Aylarım, illərim", "Dünya sənin, dünya mənim" kimi əsərləri ilə unudulmazlıq qazanan şair bu gün də sevilir, əsərləri əldən ələ gəzir.
Unudulmaz şair 1 dekabr 2004-cü ildə vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...


