Polis əməkdaşları Pirallahıda şagirdlərlə görüşüb

Pirallahı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayonda yerləşən 168, 186, 231, 235 və 243 saylı tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
"Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikah!”, “İnternetdən təhlükəsiz istifadə” və “Kibertəhlükəsizlik” mövzularında keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin nümayəndələri, orta məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirlərdə çıxış edən Pirallahı Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Elman Kazımov bu cür görüşlərin keçirilməsində əsas məqsədin cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın yaratdığı problemləri və səbəb olduğu fəsadları şagirdlərə, gənclərə bir daha izah etmək olduğunu bildirib.
Görüşlərdə şagirdlərə erkən nikahın fəsadları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə də geniş məlumat verilib.
Çıxışlarda narkomaniyanın yayılmasına və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, şagirdlərə sağlam həyat tərzi sürmələri, zərərli vərdişlərdən uzaq durmaları, mükəmməl təhsilə yiyələnərək doğru yol seçmələri tövsiyə olunub.
Sonda mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


