UNEC-də “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi” yaradılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.
Bu barədə Faktor.az-a UNEC-dən məlumat verilib.
Rektor Ədalət Muradov imtahanlarda tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsini universitetin prinsipial mövqeyi kimi açıqlayaraq, bu mövqeyin dəyişməz olaraq qalacağını diqqətə çatdırıb. Rektor 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinin qənaətbəxş olduğunu bildirib.
İclasda İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edib. Bildirib ki, sessiyada 17 mindən çox tələbənin biliyi qiymətləndirilib. Bakalavriat pilləsi üzrə imtahanlarda ən yüksək müvəffəqiyyət göstəricisi 93 faizlə Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) qeydə alınıb. T.Bədəlov ötən illə müqayisədə sessiya nəticələri üzrə müvəffəqiyyət göstəricisi 74 faizdən 78 faizə, keyfiyyət göstəricisi isə 39 faizdən 42 faizə yüksəldiyini diqqətə çatdırıb. Həmçinin o, imtahanların nəticələrindən edilmiş apellyasiya müraciətlərinin sayının, eləcə də imtahanlarda intizam qaydalarının pozulması hallarının ötən illərlə müqayisədə kəskin şəkildə azaldığını bildirib.
Elmi Şurada təcrübənin təşkili şobəsinin müdiri Leyla Nəzirzadə "UNEC-də bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi” barədə yeni Qaydaları şura üzvlərinin diqqətinə çatdırıb. Qaydalar şura üzvləri tərəfindən qəbul edilib.
Sonra UNEC-in elmi katibi dosent Ərəbiyyə Mustafayeva isə 2024/2025-ci tədris ilinin II semestri üzrə Elmi şura qərarlarının icra vəziyyəti haqqında məlumat verib. UNEC və Almaniya Federativ Respublikasının Anhalt Tətbiqi Elmlər Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumuna əsasən “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi”nin yaradılması haqqında qərar qəbul olunub.
Şura cari məsələlərin müzakirəsi ilə davam edib.


