Şəhid Əliyev Asiman Vaqif oğlunun xatirəsi yad edilib
Vətən müharibəsi şəhidi Əliyev Asiman Vaqif oğlunun xatirəsi Düylün kəndində yerləşən Şəhidlər Abidəsi önündə anılıb. 03 fevral 2025-ci il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik Xidmətinin, Polis şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Düylün kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxış edənlər Asiman Əliyevin Vətən müharibəsi zamanı göstərdiyi əzmkarlıqdan bəhs edərək, onun qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu vurğulayıblar. Bildirilib ki, o, hər zaman Vətənə olan sonsuz məhəbbəti ilə seçilib. Şəhidimiz xalqımızın yaddaşında daim yaşayacaq, adı isə gələcək nəsillərə qəhrəmanlıq nümunəsi kimi ötürüləcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Asiman Əliyev Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərə qatılaraq Noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Asiman Əliyev ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Tədbirin sonunda Düylün kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.