Ədliyyə Nazirliyinin Penitensiar xidmətində anım tədbiri keçirilib - FOTOLAR
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Xidmət əməkdaşları Heydər Əliyev guşəsində Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Anım gününə həsr olunmuş tədbirdə çıxış edən Xidmət rəisinin müavini ədliyyə general-mayoru Oqtay Məmmədov dövlətimizin qurucusu Ulu Öndərin mənalı ömür yolundan, siyasi fəaliyyətindən geniş söz açıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın banisi Heydər Əliyev ömrünün son gününə kimi dövlətin bütün məsuliyyətini öz çiyinlərində daşımış, xalqımızı tarixin ən ağır və sərt sınaqlarından çıxarmış, işıqlı və firavan gələcəyin bünövrəsini yaratmışdır.
Ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarını qoymuş Ulu Öndərin ədliyyə orqanlarının yaradılması üçün də institusional baza formalaşdırmış, vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün təsirli mexanizmlərin təsis olunmasına zəmin yaratmışdır.
Ulu öndərin siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, beynəlxalq sahədə gördüyü tədbirlər tarixə qızıl hərflərlə həkk olunmuş bugünkü Zəfərin əldə edilməsinə yönəlmişdir.
Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz yeni hədəflərə doğru irəliləyir. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və bundan sonra da heç zaman unutmayacaq.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film izlənilib.