AzTU 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir
Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir.
Bu məqsədlə 6-7 dekabr tarixlərində Gəncə şəhər, Ağstafa və Qazax rayonlarında görülən işlərlə tanışlıq olub, müvafiq icra hakimiyyətlərində görüşlər keçirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun iştirakı ilə keçirilən görüşlərdə mobillik planının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, sözügedən layihə rayonların dayanıqlı inkişafına, yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına xüsusilə əhəmiyyətli olacaq. Belə ki, layihə hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. Bildirilib ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi adıçəkilən şəhər və rayon icra hakimiyyətləri ilə AzTU arasında yerinə yetiriləcək ilk layihədir.
Görüşlərdə Gəncə şəhər, Qazax və Ağstafa rayon icra hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova iştirak edib.