ATU ilə DTX-nın Hərbi Tibb Baş İdarəsi əməkdaşlığa başlayır

Noyabrın 28-də Azərbaycan Tibb Universiteti ilə Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi (DTX HTBİ) arasında müştərək elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edənlər qurumlar arasında bu sahələrdə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-nun nüfuzlu dünya reytinqlərində yüksək yerlərdə qərarlaşması, həmçinin elmi-tədqiqat mərkəzi kimi daha da inkişafı istiqamətində işlərin gücləndirildiyini bildirib. Bu sahədə dəyişikliklərə nail olmaq üçün artıq ATU ilə Times Higher Education və QS kimi nüfuzlu beynəlxalq reytinq şirkətləri ilə əməkdaşlıq sazişlərinin imzalandığını vurğulayıb. Rektor G.Gəraybəyli beynəlxalq əlaqələrinin gücləndirməkdə olan ATU-nun haırda 48 ölkədən olan 30-dan çox universitet və elmi müəssisələrlə əməkdaşlıq etdiyini bildirib.
Rektor G.Gəraybəyli son aylarda inkişaf etdirilən istiqamətlərdən birinin də məhz elmi araşdırmalarla bağlı olduğunu qeyd edib. Bu sahədə ADNSU, BDU kimi ölkənin aparıcı universitetləri ilə əməkdaşlıq memorandumunun imzalandığını bildirib. İndi isə Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə imzalanan sazişin də universitet əməkdaşları və tələbələrin elmi fəaliyyətinə mühüm töhfə verəcəyini, bu əməkdaşlıqdan gözləntilərin özünü doğruldacağını bildirib.
DTX Hərbi Tibb Baş İdarəsinin rəisi, t/x general-mayoru Rüfət Əliyev də memorandumun tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, əməkdaşların elmi işlərinin dünya səviyyəsinə çatdırılması işinə təkan olacağından əminliyini bildirib. O, çıxışında rəhbərlik etdiyin idarənin fəaliyyəti, strukturu, tibb müəssisəsi kimi təqdim olunan xidmətlər haqqında məlumat verib, hərbi hospitalın, genetik araşdırmalar mərkəzinin işləri haqqında danışıb. Rəis R.Əliyev ATU ilə əməkdaşlığın böyük şərəf və məsuliyyət olması ilə yanaşı, bu əlaqələrin hər iki tərəf üçün faydalı olacağından, yaxın gələcəkdə əməli nəticəsinin olacağından əminliyini bildirib.
İmzalanma mərasimindən sonra xatirə hədiyyələri təqdim olunub.


