Ordubadda ağacəkmə aksiyası davam edir - FOTOLAR
Ordubad rayonunda "Yaşıl Dünya Naminə Həmrəylik İli" və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirildi.
07 noyabr 2024-cü il tarixdə Ordubad rayonunda "Yaşıl Dünya Naminə Həmrəylik İli" və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası gerçəkləşib.
Tədbir Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Ağacəkmə aksiyasında Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonunu təmsil edən deputatları, İcra Hakimiyyətinin əməkdaşları, Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
İştirakçılar təyin olunan ərazidə Ordubad rayonu üzrə şəhidlərin sayına uyğun olaraq 62 ədəd çinar ağacı əkiblər. Qeyd edək ki, hər bir ağacın qarşısında şəhidlərin bioqrafiyalarını əks etdirən QR kodlar yerləşdirilib. Əkilən ağaclar suvarıldıqdan sonra onlara xüsusi aqrotexniki qulluq göstərilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli aksiyada iştirak edən şəhid ailələri, qazi və müharibə iştirakçıları ilə şəxsən görüşərək təşkil edilən tədbirin mahiyyəti və önəmi haqqında onları məlumatlandırıb.
Qeyd edək ki, keçirilən aksiyanın əsas hədəfi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, eləcə də noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirləri və “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə ölkəmizin ekoloji mühitinə töhfə verməkdir.