İqlim dəyişikliyi və Kənd Təsərrüfatının qarşılıqlı təsiri

Hit: 1775
İqlim dəyişikliyi və Kənd Təsərrüfatının qarşılıqlı təsiri
2-ci hissə
 
İqlim dəyişikliyi əkinçiliyə, heyvandarlığa, torpaq və su ehtiyatlarına, kənd icmalarına və kənd təsərrüfatı işçilərinə öz təsirini göstərir. Bununla belə, kənd təsərrüfatı sektoru iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının atmosferə atılmasının səbəbkarlarından biridir.
 
Yuxarıda qeyd olunduğu kimi iqlim dəyişikliyi və kənd təsərrüfatının bir-birinə qarşılıqlı şəkildə təsiri mövcuddur. Kənd təsərrüfatı havanın keyfiyyətinə və atmosferə dörd əsas yolla təsir göstərir: yanğınla (əsasən otlaq və meşə) torpağın təmizlənməsi və düyü qalıqlarının yandırılması nəticəsində yaranan hissəciklər və istixana qaz emissiyaları; düyü və heyvandarlıq məhsullarından metan; gübrələrdən və peyindən azot oksidi; peyin və sidikdən ammonyak.
Təkcə karbon qazı ilə deyil, həm də bitkiçilik və heyvandarlıq istehsalı nəticəsində yaranan metan, azot oksidi və ammonyak kimi digər qazların kənd təsərrüfatı emissiyalarının çoxalması ilə bağlı beynəlxalq səviyyədə artan narahatlıq var.
 
Bəzi ölkələrdə bu qazlar kənd təsərrüfatından gələn istixana qazı emissiyalarının 80 faizindən çoxunu təşkil edir.
 
Tropik meşələrin kənd təsərrüfatı torpaqlarına çevrilməsi, düyü və heyvandarlıq istehsalının genişləndirilməsi və azot gübrələrindən istifadənin artması istixana qazı emissiyalarının artmasına əhəmiyyətli töhfələr verib. Böyük mövsümi və illik dəyişikliklər dəqiq qiymətləndirməni çətinləşdirsə də, hazırda kənd təsərrüfatı istixana qazları ümumi qlobal antropogen emissiyalarının təxminən 30 faizini təşkil edir. 2010-2019-cu illər arasında isə kənd təsərrüfatı, meşə təsərrüfatı və torpaqdan istifadə sektorları qlobal istixana qazı emissiyalarının 13-22%-ə qədərini təşkil edib. Emissiyalar birbaşa istixana qazı emissiyalarından (məsələn, düyü istehsalı və heyvandarlıqdan) və dolayı emissiyalardan meydana gəlir.
 
Birbaşa emissiyalara gəldikdə, kənd təsərrüfatından gələn ümumi istixana qazı emissiyalarının yarısından çoxunu azot oksidi və metan təşkil edir. Dolayı emissiyalar isə meşələr kimi qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatı torpaqlarına çevrilməsindən qaynaqlanır.
Torpaqdan istifadə nəticəsində ayrılan istixana qazı dedikdə, meşələrin qırılması nəticəsində karbon dioksid (CO2), düyü becərilməsi zamanı metan, mal-qaranın bağırsaq fermentasiyasından metan, gübrə tətbiqi nəticəsində azot oksidin ayrılması başa düşülür.
Metan iqlim dəyişikliyinə səbəb olan əsas istixana qazıdır. Onun istiləşmə potensialı karbon qazından təxminən 20 dəfə güclüdür. Qlobal metan tullantıları hazırda illik 20-30 milyon ton artımla illik təqribən 540 milyon ton təşkil edir. Düyü istehsalı hazırda qlobal metan emissiyalarının təxminən 11 faizini təşkil edir. Təxminən 15 faiz heyvandarlığın (mal-qara, qoyun və keçilərin bağırsaq fermentasiyası və heyvan ifrazatlarından) payına düşür.
Azot oksidi (N2O) kənd təsərrüfatının dominant antropogen mənbəyi olduğu digər güclü istixana qazıdır. Mineral gübrələrdən istifadə və mal-qara istehsalı əsas səbəbdir. Azot oksidi təbii biogen proseslər nəticəsində əmələ gəlir, lakin məhsul azot gübrələri, məhsul qalıqlarının bir yerə toplanması, heyvan sidiyi və nəcisi, azotun yuyulması və axınları vasitəsilə kənd təsərrüfatı ilə artır.
 
Bu emissiyalar üç yolla yaranır. Birincisi, ilk növbədə bitkilərə, həm də otlaqlara gübrə kimi tətbiq edilən peyinin parçalanmasındandır. Bu şəkildə istifadə olunan peyin nisbətini təxmin etmək çətindir, lakin ehtimal ki, 50 faizdən azdır. İkinci mənbə otlayan heyvanlar tərəfindən yığılan peyin və sidikdir. Üçüncü mənbə, yemləmə və ya intensiv istehsal bölmələrində meydana gələn ifrazatların saxlanmasıdır.
 
Ümumi qlobal azot emissiyalarına kənd təsərrüfatının cari töhfəsi illik 4,7 milyon ton qiymətləndirilir, lakin müxtəlif kənd təsərrüfatı mənbələrinin hesablamalarında geniş diapazon olduğuna görə onun həcmi ilə bağlı böyük qeyri-müəyyənlik var. Azot emissiyasının 17 faizi heyvandarlıq biokütləsindən (əkin sahələrinə vurulan peyin daxil olmaqla), 8 faizi mineral gübrədən irəli gəlir. 
 
Kənd təsərrüfatı təbii emissiyalardan təxminən dörd dəfə çox olan antropogen ammonyak emissiyalarının dominant mənbəyidir. Heyvandarlıq məhsulları, xüsusilə də iribuynuzlu mal-qaranın payına təxminən 44 faiz, mineral gübrələrin 17 faizi, biokütlənin yanması və bitki qalıqları isə qlobal ümumi məhsulun təxminən 11 faizini təşkil edir. Ammonyak emissiyaları potensial olaraq kükürd dioksid və azot oksidlərinin emissiyalarından daha çox turşulaşdırıcıdır.
Rəsmi statistik məlumatlara əsasən 2015-ci ildə Azərbaycanda istilik effekti yaradan qazların atılması göstəricisi energetika sektorundan kənar sənaye fəaliyyətləri üzrə 3,1 milyon ton karbon dioksid (CO2) ekvivalentində olduğu halda, kənd təsərrüfatı sahəsi üzrə bu göstərici 7,2 milyon ton karbon dioksid (CO2) ekvivalentində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” kənd təsərrüfatı sahəsində ölkədə mövcud vəziyyətin təhlili, strateji baxış, hədəf və prioritetlərin müəyyən olunması, aqrar siyasətin nəticələrinin monitorinqi və qiymətləndirilməsi sisteminin qurulması, kənd təsərrüfatı məhsulları üzrə bazarın tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, daxili bazarın ədalətsiz ticarət şərtlərindən qorunması kimi tədbirlərin həyata keçirilməsini nəzərdə tutan mühim hüquqi sənəddir.
2019-cü ildə Elektron kənd təsərrüfatı informasiya sistemi qurulana qədər kənd təsərrüfatı istehsalında məhsuldarlıq göstəriciləri üzrə son 30–40 illik informasiya bazasının olmaması kənd təsərrüfatı sahəsində ciddi problemlərin həllini çətinləşdirmişdir.
 
Qeyd edilən sənəd yüksək temperatur, yağışın xarakterinin dəyişməsi, ekstremal hava şəraiti (quraqlıq və s.) kimi iqlim faktorlarının bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb olduğunu nəzərə alaraq, bu dəyişikliklərə uyğunlaşdırılmış bitki sortlarının və heyvan cinslərinin tətbiqinin genişləndirilməsini və “iqlim əsaslı ağıllı kənd təsərrüfatı”nın inkişafının təşviq edilməsini nəzərdə tutur. 
 
İqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini bir çox yollarla, o cümlədən aşağıdakılarla azaltmaq mümkündür:
Əkinçilik və heyvandarlıq sahəsində diversifikasiya, yəni dəyişən iqlim şəraitinə uyğun bitki və heyvan cinslərinin yetişdirilməsi;
Dəyişən yağıntı və su normalarına uyğunlaşma, yəni yağış suyunun yığılması, müasir suvarma sistemlərindən istifadə, təkmilləşdirilmiş su anbarlarının inşası;
Torpağın mühafizəsi və səmərəli idarə edilməsi, yəni əkinçilik, şumlama və s. kimi aqroekoloji yanaşmalarla ekstremal hava hadisələrinə davamlı və suyu daha yaxşı saxlaya bilən torpaq ehtiyatlarının artırılması;
İqlim dəyişikliyinin azaldılması və uyğunlaşmaya kömək edən aqromeşəçilik, yəni karbonun yığılmasına kömək edən, torpaq məhsuldarlığını yaxşılaşdıran, təsərrüfatı küləkdən qoruyan ağac və kolların kənd təsərrüfatına inteqrasiyası;
İqlim dəyişikliyinə davamlı və yüksək məhsuldar bitki sortlarının istifadəsi, yəni istiyə, zərərvericilərə, quraqlığa daha dözümlü olan sortların əldə edilməsi, artırılması və yetişdirilməsi;
Erkən xəbərdarlıq sistemlərindən istifadə, yəni əkin qrafiklərini tənzimləmək, məhsulları qorumaq, digər qabaqlayıcı tədbirlər görmək məqsədilə potensial risklər haqqında vaxtından əvvəl məlumat almaq üçün fermerlər tərəfindən erkən xəbərdarlıq sistemlərindən kənd təsərrüfatında istifadə olunması;
Maarifləndirmə tədbirləri, yəni əkinçilik təcrübələrində dəyişiklikləri effektiv həyata keçirmək üçün iqlim əsaslı ağıllı təcrübələr, yeni texnologiyalar və adaptiv strategiyalar haqqında məlumatlarla fermerlərin təmin olunması;
Sığorta və risklərin idarə edilməsi, yəni iqlim əsaslı ağıllı kənd təsərrüfatı fermerləri iqlimlə bağlı hadisələrin vurduğu itkilərdən qorumaq üçün hava şəraitinə əsaslanan sığorta və indeks əsaslı sığorta kimi risklərin idarə edilməsi alətlərinin işlənib hazırlanması və təşviqinin nəzərdə tutulması;
Kənd təsərrüfatı kooperasiyalarının qurulması, yəni dəyişən şərtlərə uyğunlaşmaq qabiliyyətini artıraraq təcrübə, resurs və biliklərin birləşdirilməsi;
Siyasi dəstək, yəni dəyişən iqlimə uyğun kənd təsərrüfatının dəstəklənməsi üçün təcrübə, tədqiqat, araşdırma, infrastruktur üzrə investisiyaların təşviqi məqsədilə hökumətlərin və siyasətçilərin dəstəyi;
Kənd təsərrüfatı axınının azaldılması, yəni heyvanların axar sulardan uzaq saxlanması, kimyəvi gübrələrdən istifadənin və qida maddələri ilə dolu axının azaldılması.
Ətraf mühitə mənfi təsir göstərən kənd təsərrüfatı emissiyalarının azaldılması üçün Anaerob həzm sistemlərinin qurulması, təbliğat, maarifləndirmə, təlim və digər vasitələrlə heyvandarlıq tullantılarının anaerob həzminə dəstək verilməsi mühim əhəmiyyət kəsb edir. Heyvandarlıq tullantılarının anaerob həzm edilməsi istixana qazı emissiyalarını iki yolla azaldır:
1. Bioqaz tutulduqca və bərpa olunan yanacaq kimi istifadə olunduqca metan emissiyaları birbaşa azalır.
2. İstehsal olunan enerji fosil yanacaqların istifadəsini sıxışdıraraq, istixana qazları və digər çirkləndiricilərin emissiyasının qarşısını alır.
 
1994-cü ildə yarandığı gündən bəri AgSTAR kənd təsərrüfatı sektorunda istixana qazlarının emissiyalarının azaldılmasında əhəmiyyətli irəliləyişlər əldə etmişdir. ABŞ-da kommersiya heyvandarlıq təsərrüfatlarında təxminən 343 anaerob parçalayıcı işləyir. 2022-ci ildə AgSTAR-ın Heyvandarlıq Anaerob Həzm Proqramı Verilənlər Bazasında yer alan Anaerob Həzm Layihələri 10,43 milyon metrik ton CO2 ekvivalentini (MMTCO2e) azaldıb.
 
Odur ki, hüquqi və əməli tədbirlər görülərkən problemlər dəyişən iqlim və kənd təsərrüfatının qarşılıqlı əlaqəsi fonunda araşdırılmalı, addımlar düşünülmüş şəkildə mərhələli və ardıcıllıqla atılmalıdır.
 
Təhmin Şəkibəyov
hüquqşünas
 








Redaktorun seçimi