AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub

Hit: 216
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının qabaqcıl universitetlərində işgüzar səfərdə olub. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil olunub.
 
Səfərdə əsas məqsəd AzTU-nun Özbəkistanın beynəlxalq reytinqlərdə, xüsusilə “Quacquarelli Symonds” (QS), habelə digər qlobal və regional universitet reytinqlərində yüksək mövqedə olan universitetləri ilə əməkdaşlıqlarının genişləndirilməsi, tədqiqat və təhsil layihələrinin yerinə yetirilməsi sahəsində birgə fəaliyyət platformalarının qurulmasından ibarət olub.
 
Rektor Vilayət Vəliyev Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Milli Universiteti, Daşkənd Turin Politexnik Universiteti, Milli Tədqiqat İnstitutu, Daşkənd Kənd Təsərrüfatı İrriqasiya və Mexanizasiya Mühəndisləri İnstitutu, Daşkənd Dövlət Nəqliyyat Universiteti, Daşkənd İnha Universiteti, Kimya Texnologiya İnstitutu, Yeni Əsr Universitetinin rektorları və rəhbər heyəti ilə görüşüb.
 
Görüşlər zamanı AzTU barədə geniş təqdimatla çıxış edən rektor ikitərəfli tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, birgə elmi məqalələrin yazılması, ikili diplom və elmi rəhbərliklərin reallaşdırılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
 
Tərəflər hər bir universitetin xüsusiyyətlərinə uyğun gələcək fəaliyyətlər üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Özbəkistan tərəfdən universitetlərin rektorları AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiribər.
 
Səfər çərçivəsində Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Milli Universiteti, Daşkənd Turin Politexnik Universiteti ilə AzTU arasında Anlaşma Memorandumları imzalanıb. Tərəflər iki və çoxtərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.








Redaktorun seçimi