Niyazi Bayramov “Qomel Şəhər Günü” tədbirlərində iştirak edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Belarus Respublikasının Qomel şəhərində səfərdədir. Onu Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov müşayiət edir. Niyazi Bayramov Qomel İcra Komitəsinin sədri Vladimr Privalovun dəvəti ilə Qomelin yaranmasının 882 illiyinə həsr olunmuş “Şəhər Günü” tədbirlərində iştirak edir.
“Şəhər Günü” tədbirlərinin rəsmi açılış mərasimi Qomelin Trud küçəsində yerləşən “Əbədi məşəl” abidəsinin önündən baş tutub. Tədbir iştirakçıları “Əbədi məşəl” abidəsi önünə tər çiçəklər düzüb, azadlığı və müstəqilliyi müdafiə edən qalib qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rəsmi qonaqlar Qomelin Lenin adına meydanında, Soj çayının sahilində və şəhərin digər hissələrində quraşdırılan, özündə bayram abu-havasını əks etdirən stendlərə baxıblar. Bu stendlər vasitəsilə tədbir iştirakçıları Qomelin sənaye, elm və təhsil müəssisələrinin, həmçinin idman cəmiyyətlərinin nailiyyətləri ilə tanış olmaq imkanı əldə ediblər.
“Rumyantsevlər və Paskeviçlər Sarayı”nda Qomelin 882 illiyinə həsr olunan “Şəhər Günü” tədbirlərində iştirak edən “qardaş şəhərlər”in nümayəndə heyətlərinin rəsmi qəbulu baş tutub. Rəsmi qəbulda Azərbaycan, Rusiya, Qazaxstan, Serbiya və Çin daxil olmaqla, ümumilikdə 15 xarici ölkədən nümayəndə heyəti iştirak edib. Qeyd olunub ki, “Qomel Şəhər Günü” tədbirləri sadəcə bayram deyil, eyni zamanda “qardaş şəhər”lər arasında mövcud olan və işgüzar əlaqələrə əsaslanan dostluq münasibətlərinin qeyd olunması üçün bir fürsətdir. Rəsmi qəbul zamanı Niyazi Bayramov və Vladimr Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nun həyata keçirilməsinə dair 2024-2026-cı illər üçün Tədbirlər Planı” imzalayıblar.
“Şəhər Günü” ilə əlaqədar olaraq Qomeldə geyişmiqyaslı parad təşkil olunub. Tədbir iştirakçıları Qomeldə istehsal olunan müxtəlif təyinatlı avtomobillərin, digər zavod və fabriklərdə istehsal olunan sənaye məhsullarının, həmçinin əməkçi sülalələrin keçidini izləyiblər. Parad “Sоjsкi каrаqоd” beynəlxalq rəqs festivalı qaliblərinin və iştirakçılarının keçidi ilə yekunlaşıb. Paraddan dərhal sonra isə Qomelin tanınmış mədəniyyət ustalarının təqdimatında konsert proqramı nümayiş olunub.
Qomelin qida sənayesi müəssisələrində istehsal olunan məhsullarının sərgisi də diqqət çəkib. Burada qonaqlara müxtəlif pendir çeşidləri v digər süd məhsulları, kolbasa məmulatları, çoxsaylı şirniyyatlar və dondurmalar təqdim olunub. “Gigantomania” adı altında keçirilən qida məhsulları sərgisində “Şəhər Günü” üçün xüsusi hazırlanmış nəhəng məhsulları dadmaq da mümkün olub.
“Qomel Şəhər Günü” tədbirləri axşam saatlarında da davam edib. Şəhərin mərkəzi stadionunda təşkil olunan konsert proqramında rəsmi qonaqlarla yanaşı minlərlə şəhər sakini iştirak edib. Tamaşaçılar Soj çayının üzərində nümayiş olunan möhtəşəm su şousunu da izləmək imkanı əldə ediblər. Gün ərzində keçirilən bayram tədbirlərinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Qeyd edək ki, “Qomel Şəhər Günü” tədbirləri 13-15 sentyabr 2024-cü il tarixlərində keçirilir. "Şəhər Günü" tədbirlərinin rəsmi bağlanış mərasimi bugün günorta saatlarında baş tutacaq.