Dövlət Komitəsinin sədr müavini ispaniyalı jurnalistə müsahibə verib
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizin İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə İspaniya Dövlət Teleradiyosunun (RTVE) əməkdaşı, kanalın həftəlik informasiya icmalının (İnforme Semenal) müəlliflərindən olan Angela Rodicioya müsahibə verib.
Dövlət Komitəsinin sədr müavini əcnəbi jurnalistə Dağlıq Qarabağ münaqişəsindən, 1988-ci ildən etibarən azərbaycanlılara qarşı XX əsrdə dörd dəfə məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətindən, soydaşlarımıza qarşı aparılan amansızlıqlardan bəhs edib. Bildirilib ki, 90-ci illərin əvvəllərində Azərbaycan torpaqlarının işğal edilməsi səbəbindən minlərlə insan yurd-yuvasından didərgin düşüb, ağır şəraitdə yaşamaq məcburiyyətində qalıb. 2003-cü ildə cənab İlham Əliyev çadır şəhərciklərinin yaxın 5 ildə ləğvinə nail olunacağını bəyan etmiş, növbəti dörd il ərzində - 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi sonrakı illərdə daha geniş vüsət almışdır.
Daha sonra Fuad Hüseynov 44 günlük vətən müharibəsindən, Azərbaycan Ordusunun şücaətindən, Ali Baş Komandan İlham Əliyevin göstərişlərinə müvafiq aparılan misilsiz döyüş taktiki manevrlər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən danışıb. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə post müharibə dövründə aparılan tikinti, bərpa-quruculuq işləri bu gün də sürətlə davam etdirilir. Həmçinin Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, könüllü, ləyaqətli və təhlükəsiz qayıdışın təşkili istiqamətində mühüm işlərin davam etdirilməsi Böyük Qayıdışın əsas amalı olduğu diqqətə çatdırılıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən birinin qayıdış və məskunlaşma olduğu qeyd edilib. Dövlət Komitəsin tərəfindən məcburi köçkünlər arasında monitorinq və sorğuların aparıldığı, onların demoqrafiq vəziyyəti, əmək qabiliyyəti, peşə bacarıqları və bir sıra zəruri məlumatlarında dəqiqləşdirmələr aparıldığı əcnəbi jurnalistin diqqətinə çatdırılıb. Məlumat verilib ki, əhalinin mütləq əksəriyyəti Böyük Qayıdışa hazırdır, ümumilkdə isə işğaldan azad edilmiş ərazilərə 8000-dək insan artıq köçürülüb və daimi məskunlaşdırılıb.
Daha sonra Angela Rodicioya prosesini ləngidən amillərdən danışılıb. Bu prosesdə ən böyük maneənin mina və partlamamış hərbi sursatların (PHS) olduğu, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina və PHS yerləşdirildiyi, bugünədək 350-dən çox mina qurbanının olduğu, Ermənistan tərəfin hələ də mina və PHS-larla bağlı həqiqi xəritəni Azərbaycan tərəflə bölüşmədiyi qeyd edilib.