Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.
Bir çox ölkələrin tənzimlənən zərərli orqanizmlər siyahısında olan Qonur monilioz çürümə (Monilinia fructicola) xəstəliyi göbələk mənşəli olub, əsasən gilas, şaftalı, nektarin, ərik, alça, gavalı, alma, armud, heyva kimi tumlu-çəyirdəkli meyvə bitkilərində rast gəlinir. Patogen qışı sirayətlənmiş bitki hissələrində, mumyalaşmış və ağacdan asılı halda qalan meyvələrdə keçirir. Xəstəliyin inkişafı meyvənin sortundan, bağın əkin sxemindən, aparılan aqrotexniki tədbirlərdən, ən əsası da hava şəraitindən asılı olaraq dəyişir. Mülayim gündüz temperaturu (20-25° C) və sərin gecələri olan rütubətli və ya yağışlı havalarda çiçəklərin zərər görməsi güclənir. Yetkin meyvələrin çürüməsi yüksək rütubət və yüksək temperaturda sürətlə davam edir. Yarpaqlar və tumurcuqlar da sirayətlənməyə məruz qalır. Xəstəliyin bitki üzərində təsirləri çiçək və budaqlarda yanıqlıq, meyvələrdə aşkar çürümə və budaqda xərçəng kimi əlamətlər yaradır.
Xəstəlik sahədə yağış, külək və həşəratlar vasitəsilə, beynəlxalq ticarətdə isə tumlu-çəyirdəkli meyvə bitkilərinin əkin materialı və meyvələri vasitəsilə yayılır. Saxlama anbarlarında xəstəlik sirayətlənmiş meyvələrdən, qablaşdırma materiallarından asanlıqla digər sağlam meyvələrə yayıla bilir.
Xəstəliyin daha geniş ərazilərə yayılmaması, xəstəlik ocaqlarının məhdudlaşdırılması və mümkün məhsul itkisinin qarşısının alınması məqsədilə aşağıdakı fitosanitar tədbirlərin aparılması vacibdir.
Profilaktiki tədbirlər
Qonur monilioz çürümə xəstəliyi ilə sirayətlənmiş sahələrdə və ətrafında 5-7 km radiusdakı ərazidə arı pətəkləri yerləşdirilməməli, bağlarda yarpaqlar töküldükdən sonra asılı halda qalan mumyalaşmış və yerə tökülmüş meyvələr yığılaraq digər bitki qalıqları ilə birlikdə sahədən çıxarılaraq ekoloji təhlükəsizlik qaydaları gözlənilməklə yandırılmalı, təsərrüfat işləri zamanı istifadə edilən bütün avadanlıqlar, alətlər, qablaşdırma vasitələri və bu sahədə istehsal edilmiş meyvənin saxlandığı anbarlar hərtərəfli təmizlənməli və dezinfeksiya edilməlidir. Xəstəlik rast gəlinən bağlarda istifadə edilən texnika və alətlər təmizlənərək dezinfeksiya edildikdən sonra digər sahələrdə istifadə edilə bilər. Məhsul yığımı və meyvələrin saxlanması zamanı isə mexaniki zədələnmələrin qarşısı alınmalıdır.
Aqrotexniki tədbirlər
çərçivəsində cərgələrarası havalandırmanı təmin etmək məqsədilə budama işləri aparılmalı, alaq bitkiləri ilə mübarizə ön planda saxlanılmalı, yazda bitkilər çiçək açdıqdan sonra sirayətlənmiş zoğlar 20-30 sm aşağıdan kəsilərək məhv edilməlidir. Əlavə olaraq məhsul yığımından bir ay əvvəl bitkilər üzərində müşahidələr aparılaraq sirayətlənmə əlamətləri müşahidə edilən meyvələr ağaclardan kənarlaşdırılaraq məhv edilməlidir. Meyvələrin kənarlaşdırılması, budama işləri səhər saatlarında, küləksiz hava şəraitində həyata keçirilməlidir.
Kimyəvi mübarizə tədbirləri
Bitkinin inkişaf dövründə yerüstü hissəsini əhatə edəcək şəkildə tətbiq və təhlükəsizlik qaydaları gözlənilməklə müvafiq preparatla işləmələr aparılmalıdır.
Yadda saxlamaq lazımdır ki, vaxtında aparılmış mübarizə tədbirləri xəstəliyin yayılmasının, məhsul itkisinin qarşısını almaqla yanaşı ixracla bağlı məhdudiyətlərdən qorunmağa kömək edəcəkdir.
Qeyd edək ki, qonur monilioz çürümə xəstəliyi aşkarlanmış təsərrüfatlarda bitki mühafizə tədbirlərinin görülməsi ilə əlaqədar Respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən Qərarlar qəbul edilmiş və aidiyyəti qurumlarla birlikdə müəyyən edilimiş zəruri mübarizə tədbirlərinin həyata keçirilməsi təmin edilir.