Pambıq əkinlərində herbisid dreyfi təhlükəsi

Hit: 615
Pambıq əkinlərində herbisid dreyfi təhlükəsi
Bir çox kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığını təmin etmək üçün pestisidlərin tətbiqi vacibdir. Lakin bu zaman yaranan problemlərdən biri onların tətbiq olunduğu sahədən kənar ərazilərə yayıla bilməsidir. İstənilən pestisidin tətbiqi zamanı işçi məhlul damcılarının və ya buxarın hava axını vasitəsilə yayılması və yaxınlıqda olan qeyri-hədəf həssas bitkilərə mənfi təsiri baş verə bilər. Pestisid dreyfi (qeyri-hədəf bitkilərə mənfi təsiri) adlanan bu hallara Azərbaycanda son illərdə pambıq əkinlərində təsadüf edilir ki, bu da bəzən bitki xəstəlikləri, sahədə tətbiq olunmuş insektisid və yaxud digər aidiyyəti olmayan preparatın təsiri ilə əlaqələndirilir. Əslində isə yarpaqlarda yaranan deformasiyalara səbəb böyümə tənzimləyici təsirə malik və əsasən dənli taxıl bitkiləri sahələrində enliyarpaqlı alaq otlarına qarşı istifadə edilən 2,4-D, Dicamba və digər tərkibli herbisidlər ola bilər. Belə ki, pambıq bitkisi 2,4-D tərkibli preparatlara çox həssasdır. Bu preparatlar yüksək uçuculuq qabiliyyəti səbəbindən tətbiq olunduğu sahələrdən 5-10 km məsafəyə qədər yayıla bilər. Eyni zamanda preparatın isti (+32 0C və daha yuxarı) və ya küləkli hava şəraitində tətbiqindən sonra işçi məhlulun tətbiq edildiyi səth üzərindən təkrar buxarlanması ilə yaxınlıqdakı digər təsərrüfatlara yayılması, o cümlədən həmin bölgədə mexaniki yanıqlar əmələ gəlməsi baş verə bilir.
 
2,4-D və Dicamba aktiv maddələrinin təsir mexanizmləri demək olar ki, eynidir. Hər iki maddə təsir obyektindəki bitkilərin yarpaqları vasitəsilə sorulur və bitkinin müəyyən hüceyrə qrupuna təsir edir. Bu zaman bitkilərdə nəzarətsiz, dayanıqsız böyümə baş verir. Bu da gövdələrin bükülməsinə, yarpaqların saralmasına və deformasiyasına, nəticədə isə fotosintez, transpirasiya, hüceyrə bölünməsi və bu kimi digər vacib proseslərin pozulmasına səbəb olur.
 
Herbisidlərin dreyfi pambığın erkən inkişaf mərhələlərində baş verdikdə, bitkilər inkişafı bərpa edə bilsə də, nisbətən gec və təkrar təsirlər nəticəsində böyümənin və barvermənin bir neçə həftə gecikməsi və məhsuldarlığın azalmasına səbəb ola bilər. Hazırda ölkəmizdə qeydiyyata alınmış və istifadəsinə icazə verilmiş preparatlar siyahısında təsiredici maddələri 2,4-D və Dicambadan ibarət olan bir neçə herbisid mövcuddur. Bunlara “Acidas”, “Ester-D”, “Magnolia Süper (SL)” və “Dicamin SL” aiddir.
 
Herbisid dreyfinin tam aradan qaldırılması mümkün olmasa da, onların təsirini minimuma endirmək üçün müvafiq tədbirlər görülə bilər. Bu tədbirlərdən biri preparatın xüsusiyyətlərinin (uçuculuq qabiliyyəti) nəzərə alınmasıdır. Belə ki, herbisidin tərkib göstəriciləri onun hədəfdən kənar hərəkətinə əhəmiyyətli təsir göstərir. Uçuculuq, herbisid məhlulunun hədəfə çatması və daha sonra uzun məsafələrə hərəkət edə bilən qaz formasına çevrilməsi kimi təsvir olunur. Məsələn, 2,4-D-nin efir formulası, xüsusilə yüksək hava temperaturu şəraitində bu maddənin amin duzu formulasından daha uçucudur.
 
Digər tədbir istifadə edilən avadanlıq və tətbiq üsullarının doğru seçilməsi ilə bağlıdır. Tətbiq avadanlığı, herbisidlərin hədəfdən kənar yerlərdə fiziki hərəkətinə təsir edən ən böyük amildir. Çiləyici ucluqların növü, hündürlüyü və püskürtmə təzyiqi hədəfdən kənar hərəkət potensialına kəskin şəkildə təsir edir. İşçi məhlul havada nə qədər uzun qalırsa, hədəfdən kənar hərəkət potensialı bir o qədər yüksək olur. Əksinə, damcı ölçüsü nə qədər böyükdürsə, hədəfdən kənar hərəkət ehtimalı bir o qədər azalır. Digər tərəfdən herbisidlərin tətbiqi zamanı istifadə edilmiş çiləyici çənlərin təmizlənmədən başqa preparat tətbiqi üçün istifadə olunması sıx rast gəlinən səbəblərdəndir. Həmçinin herbisid məhlullarının çiləyici  çənlərdə, şlanqlarda və ucluqlarda qalmasına yol verilməməlidir.
 
Hava şəraitinin nəzərə alınması da vacib tədbirlərdəndir. Belə ki, küləyin sürətinə və istiqamətinə diqqət edilməlidir. Eyni zamanda temperatur yüksək və rütubət aşağı olduqda yayılma daha çox baş verdiyi üçün günortadan sonra havanın temperaturunun yüksəlməsi uçucu herbisidin hədəf səthlərə tətbiq edildikdən sonra belə qaz halına çevrilməsinə və hava axını vasitəsilə ətrafa yayılmasına səbəb ola bilər. Bu səbəbdən uçuculuqla bağlı riski minimuma endirmək üçün havanın temperaturu 32 0C-dən yuxarı olduqda və yaxınlıqda pambıq əkinləri varsa, mümkün qədər tətbiqdən çəkinmək lazımdır.
 
Başqa bir tədbir isə prosesi icra edən operatorun bilik və bacarığının yetərli olması ilə əlaqədardır. Prosesi icra edən operator həm cari, həm də proqnozlaşdırılan hava şəraitini nəzərə almalı, bütün etiket məhdudiyyətlərinə riayət etməli və qonşu ərazilərdə həssas bitkilərin harada yerləşdiyini bilməli və nəzərə almalıdır. Əgər qonşuluqda pambıq əkin sahələri varsa, hormonal təsirli herbisidlərin tətbiqi zamanı xüsusən diqqətli olmaq lazımdır. 








Redaktorun seçimi