Paytaxt üzrə 2 379 təhsilverən sertifikatlaşdırma prosesinə dəvət olunub

Hit: 510
Paytaxt üzrə 2 379 təhsilverən sertifikatlaşdırma prosesinə dəvət olunub
İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
 
Qaydalara müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat 15 may tarixində iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 2 379 təhsilverən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə  dəvət olunub.
 
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.
 
Nəzərinizə çatdırırıq ki, test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə iştirak hüququ qazanacaq.
 
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.
 
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!








Redaktorun seçimi