"Emedia Group" tərəfindən "Uğur əngəl tanımır" adlı konfrans keçirilib - FOTOLAR

"Emedia Group" Media Təşkilatı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına həsr olunan "Uğur əngəl tanımır" layihəsinə start verib.
Faktor.az xəbər verir ki, Milli Qurtuluş Günü münasibətilə keçirilən konfransda millət vəkilləri, ziyalılar, iş adamları, tanınmış incəsənət xadimləri, QHT sədrləri, həkimlər o cümlədən media nümayəndələri iştirak etmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla anılıb.
Açılış mərasimində çıxış edən "Emedia Group" Media Təşkilatının sədri Elşən Əliyev bildirib ki, layihə çərçivəsində "Emedia Group" Media Təşkilatının rəhbərliyi ilə "Alioglu" Media Group tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uğur əngəl tanımır" videoçarxı ərsəyə gətirilib. Videoçarxda yer alan autizm spektr pozuntusundan, Daun sindromundan, kistik fibrozdan əziyyət çəkən və koxlear implantlı uşaqlar sağlamlıq imkanları məhdud uşaqların səsi oldular.
Sonra çıxış edən Millət vəkili, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova autizm spektrli pozuntusu olan şəxslər, onların və ailələrinin üzləşdikləri çətinliklərdən, müasir dövrün ən aktual problemlərindən biri olan autizmlə bağlı cəmiyyətin maarifləndirilməsi və bu yöndə təbliğat işlərinin aparılmasının vacibliyindən danışıb.
Tədbirin sonunda bu sahədə əməyi olan bir qrup ziyalı "Emedia Group" Media Təşkilatı tərəfindən təltif edilib.


