Səyyar qəbul - açıq ictimai dinləmə

Hit: 802
Səyyar qəbul - açıq ictimai dinləmə
Göygöl rayonunun Topalhəsənli kəndində 1 il sonra gördüklərimiz, eşitdiklərimiz
 
Sonuncu dəfə Topalhəsənli kəndində düz bir il qabaq, may günlərində olmuşduq və gördüklərimizdən dəhşətə gəlmişdik. Bir gün əvvəl, gecə saatlarında güclü sel kənddə elə fəsadlar yaratmışdı ki, onu sözlə ifadə etmək də çətin idi. Bir anda kəndin başının üstünü alan dəhşətli seldən sonra Topalhəsənlidə hara baxırdın dağıntılar, aşmış, əzilmiş, yararsız hala düşmüş maşınlar, evlər, mağazalar, digər tikililər çıxırdı qarşına. Sel suları evlərə dolmuşdu, qaz xətləri yararsız vəziyyətə düşmüşdü. O zaman hadisə yerinə dərhal aidiyyəti qurumların rəsmiləri, texnika və canlı qüvvə cəlb olunmuş, fəsadların aradan qaldırılmasına başlanılmışdı. Adamlar deyirdi ki, biz hər bir işi yoluna qoyacağıq, kəndi əvvəlki vəziyyətinə qaytaracağıq, lakin amansız selin ağuşuna alıb apardığı iki nəfərin həyatını geri qaytara bilməyəcəyik...
 
O zaman diqqətimizi bir məqam daha çox cəlb etmişdi. Hiss edirdik ki, bu ye­rin adamları dövlətə və dövlətçiliyə çox bağlıdırlar. Rayon icra hakimiyyətinin, digər əlaqədar təşkilatların köməyi, texni­kası, maddi və mənəvi dəstəyi bir yana, böyüklü–kiçikli hamı qolunu çırmayıb dayanmaq bilmədən işləyirdi. Ağsaqqal bir kişinin dedikləri hələ də yadımdadır: “Topalhəsənliyə tərəf bir xeyirxah addım atana, qayğısını sözdə deyil, əməldə göstərənə biz ondan artıq eləməsək, ra­hatlıq tapa bilmərik...”
 
...İndi bayaqdan açıq havada təşkil edilmiş səyyar qəbulda çıxışlara qulaq asırıq və görürük ki, nəyi xahiş edirlər, arxasınca da “o birisini də özümüz edə­rik” deyirlər. Artıq iki ilə yaxındır ki, rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev də sanki kənd camaatının necə deyərlər, “damarını tutub”, xasiyyətinə, işgüzarlı­ğına, canıyananlığına bələddir. Tez-tez “onda sizli– bizli gəlin bu işi başa çatdı­raq”, yaxud “sizin fəallığınızdan çox şey asılıdır...” və sair bu kimi müraciətlər edir. Yeri gəlmişkən qeyd edək ki, rayon rəhbə­rinin qısa vaxt ərzində Göygöldə adamlar­la qaynayıb-qarışması elə ilk andan hiss olunur və bu, Topalhəsənli görüşündə də açıq görünür. Şəhid anası yaxınlaşır, dər­hal adını deyərək, qoluna girib problemini soruşur. Kənarda dayanıb söhbətə qulaq asan qaziyə uzaqdan “o işi tam başa çat­dırdılar?” – deyə soruşur və sair.
 
Problemlər isə həmişə var. Çıxış edənlərdən biri yaxşı dedi ki, “nə qədər dünya var, problem də olacaq”.
 
Səyyar qəbulda kənd icra nümayən­dəsi görülən işlərlə və problemlərlə bağlı qısa məlumat verdikdən sonra rayon icra hakimiyyətinin başçısı E. Paşayev görüşə toplaşanlar qarşısında çıxış etdi. Dedi ki, səyyar qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, YAP rayon təş­kilatının sədri, hüquq-mühafizə orqanları­nın rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələ­rinin rəhbərləri iştirak edirlər.
 
O, belə səyyar görüşlərin ölkə rəh­bərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəl­məsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etdi. Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlərə şərait yaratdığını vurğuladı, eyni zamanda, Elektron–hökumət por­talı tərəfindən yaradılmış Rəqəmsal icra hakimiyyəti platforması barədə məlumat verdi, xidmətin əlçatanlıq və üstünlükləri­ni qeyd etdi.
 
Bir məsələni də vurğulayaq ki, son iki ildə rayon icra hakimiyyəti aparatı işçiləri­nin istər vətəndaşlarla qarşılıqlı münasi­bətində, istərsə də özlərinin hazırlığında ciddi müsbət dəyişiklik hiss olunur. Rayon rəhbərinin təşəbbüsü ilə vaxtaşırı olaraq aparat işçilərinin daha hazırlıqlı olması, dünyagörüşlərinin formalaşdırılması, adi etiket qaydalarına kimi mənimsəmələri istiqamətində mühüm işlər görülüb. Döv­lət qulluqçularının, ilk növbədə, rayon icra hakimiyyəti aparatı işçilərinin geyimindən tutmuş nitqinə, adamlarla münasibətinə kimi hamısı diqqət mərkəzindədir. Bakı­dan da dəvət olunan mütəxəssislər tərə­findən aparat işçiləri qarşısında müha­zirələr oxunur, məşğələlər aparılır.
 
Onu da deyək ki, səyyar qəbula get­məzdən əvvəl icra hakimiyyətində vətən­daşların qəbulu ilə bağlı ASAN xidmət modelindən istifadə etməklə yaradılmış çox gözəl, əyani vasitələrlə, mebellə təchiz olunmuş xüsusi otaqlara baxdıq. Səliqəli, müasir, kompüterləri olan qəbul otaqlarında hər cür şərait yaradılıb. Sakin nə vaxt gəldi, icra hakimiyyətinin məsul işçisi onu qarşılayır, problemlərini öyrənir, şikayətinin təmin edilməsi istiqamətində konkret iş görür, məsləhət verir və yön­ləndirir.
 
...Səyyar qəbula maraq o zaman ar­tır ki, orada qaldırılan problemlərə rayon rəhbəri, digər əlaqədar təşkilatlar diqqətlə yanaşırlar, onların həllinə biganə qalmır­lar. Məsələn, kənd icra nümayəndəsi Ca­vid Əliyev dedi ki, Elvin müəllim qısa vaxt ərzində üçüncü dəfədir burada səyyar qə­bul keçirir. Söylədi ki, əvvəlki səyyar qə­bullar zamanı irəli sürülən, Gəncə çayının Topalhəsənli kəndindən keçən hissəsində sahil bəndləmə işlərinin aparılması, kənd­daxili yolların cari təmiri, səliqə-sahman yaradılması, qəzalı vəziyyətdə olan elekt­rik dayaqlarının çoxunun yenisi ilə əvəz olunması məsələləri öz həllini tapmışdır.
 
Gəncəkənddən, 6 kilometr məsafə­dən çəkilən su borusunun 2 kilometr hissəsindəki sızmalar özümüzün daxili imkanlarımız hesabına cari təmir aparıl­maqla aradan qaldırılmışdır.
 
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində kəndin girişində, magistral yolun kənarında müxtəlif növ şam ağacla­rı əkmişik. Kənd dağlıq ərazidə yerləşdiyi üçün evlər tez-tez təbii fəlakətə məruz qa­lır. Lakin adamlar evlərinin sığortalanması işlərinə biganə qalırdılar. Biz bu işi də yo­luna qoymuşuq. Geniş izahat, maariflən­dirmə işləri sayəsində artıq 25 ev sığorta­lanmışdır. Kənd fasiləsiz elektrik enerjisi, təbii qaz və internet ilə təmin edilir.
 
Elvin Paşayev görüşə toplaşan sakin­lərə dönə-dönə müraciət etdi, problem­lərinin nədən ibarət olduğunu öyrənmək istədi.
 
Bəsti İsgəndərova kəndə avtobus marşrutunun olmamasından şikayət etdi və digərləri də onu dəstəklədilər. Elə ora­daca Topalhəsənli kənd bələdiyyəsinin sədri Validə Hacıyevaya tövsiyə olundu ki, nümayəndəliklə birlikdə bu məsələ ilə ciddi məşğul olsun.
 
Gəray Qəhrəmanov qəzalı vəziyyət­də olan elektrik dayaqlarının və naqillərin yenilənməsini, əyilmiş qaz xəttinin bərpa olunmasını təklif etdi.
 
Şubay Əliyev kənddən keçən yolun asfaltlanmasını, evinin yaxınlığındakı qə­zalı vəziyyətdə olan elektrik dayaqlarının yenilənməsini və rabitə dayaqlarının stan­dartlara uyğun qoyulmasını təklif etdi.
 
Tarix Həsənov kənddaxili yolların tə­mir edilməsini arzuladı və dedi ki, “bizdən də nə asılıdır, hazırıq”.
 
Səyyar qəbulda diqqətçəkən məqam­lardan biri də bu idi ki, hər xırda məsələ belə, nəzarətə götürülür və şikayətçilərə operativ məlumat vermək üçün onların te­lefon nömrələri yazılırdı.
 
Adamlar razılıqla görüş yerini tərk et­məyə başladılar. Hamının yanında çıxış etmək istəməyən, şəxsi xahişləri, digər ailə problemləri olanlar icra hakimiyyəti­nin başçısını dövrəyə aldılar və daha bir səmimi söhbət başlandı...
 
Hamlet QASIMOV,
Xalq qəzeti








Redaktorun seçimi