Ali Məhkəmə piyadanın ölümündə ittiham edilən sürücü ilə bağlı bəraət hökmünü qüvvədə saxladı
Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Məmmədovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin olunmayıb və T.Məmmədov barəsindəki bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında baş verib. Belə ki, T.Məmmədov idarə etdiyi "Kia Rio" markalı avtomobillə "Koroğlu" metrostansiyası istiqamətindən 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Nizami rayonu Ziya Bünyadov prospekti 13 ünvanında yolu keçmək istəyən piyada Həsənov İlqar Qubad oğlunu vurub. Nəticədə piyada aldğı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Məmmədov 1 il 6 ay sürücülük hüququndan məhrum etmə və 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bundan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin hökmü ilə T.Mehdiyevə bəraət verilib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.