Görüşlərimizin əsas məqsədi ölkələrimizin məhkəmə-hüquq orqanları arasında münasibətləri daha da gücləndirməkdir - İnam Kərimov

Hit: 573
Görüşlərimizin əsas məqsədi ölkələrimizin məhkəmə-hüquq orqanları arasında münasibətləri daha da gücləndirməkdir - İnam Kərimov
“Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuralarının sədrlərinin növbəti toplantısının gələn il Azərbaycanda keçirilməsi ilə bağlı alınan qərar bizdə məmnunluq hissi doğurdu. Bundan sonrakı iclaslarımızın daha mütəmadi xarakter daşıyacağı da olduqca sevindirici haldır”.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.
 
Təşkilata üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuralarının sədrlərinin İstanbulda keçirilən ikinci toplantısının gündəmində bir çox vacib məsələnin dayandığını qeyd edən sədr deyib: “Bunlardan ən əsası, təbii ki, ölkələrimizin məhkəmə-hüquq şurası sistemləri arasında münasibətləri daha da dərinləşdirmək və gücləndirməkdir. Son illər ərzində hər dövlət ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün əhəmiyyətli tədbirlər görüb, müxtəlif sahələrdə uğurlar əldə edib. Bu görüşümüzün əsas məqsədi də məhz bu uğurlu nəticələri bölüşməkdir”.
 
O bildirib ki, hazırda bütün hüquq sistemləri bir çox qlobal və yerli çağırışlarla qarşılaşır. Əsas çağırışlardan biri də məhkəmə sistemlərində ədalət mühakiməsinin həyata keçirilməsində müasir kommunikasiya texnologiyalarının, süni intellektin və digər mütərəqqi təcrübələrin daha da dərindən tətbiq olunması, geniş istifadəsidir: “Son illər Azərbaycanda bu sahədə həm elektronlaşma, həm də müasir texnologiyaların məhkəmə təcrübəsində istifadəsində əsaslı irəliləyişlər əldə edilib. Qardaş ölkələrdə də bu sahə üzrə mütərəqqi təcrübələr var. Bu görüşlər həm də ölkələrimizin hakim korpusunun yetişdirilməsi, ədalət mühakiməsinin daha səmərəli qurulmasına öz töhfəsini verəcək”.
 
İnam Kərimov bildirib ki, yeni nəsil hakimlərin yetişdirilməsi, onların daha geniş təcrübə qazanmasında da belə tədbirlərin əhəmiyyəti olduqca vacibdir.
 
“Yeni təyin olunan hakimlər təcrübə keçmək üçün mütəmadi olaraq Türkiyəyə səfərlər edirlər. Hesab edirik ki, bu cür proqramların daha da genişləndirilməsi yeni hakimlərimizə nəinki bir dövlətdə, müxtəlif ölkələrdə təcrübə keçmək imkanı yaradacaq”, - deyə İnam Kərimov qeyd edib.








Redaktorun seçimi