Paytaxtda 140 yaşlı məktəbin yubileyi qeyd olunub
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Nobel qardaşlarının ev-muzeyində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentson, Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai xadimlər, Elm və Təhsil Nazirliyi, MÜTDA, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə Nobel qardaşlarının ev-muzeyinə baxış keçirib, onların Azərbaycandakı fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova əsası 1884-cü ildə Nobel qardaşları tərəfindən qoyulan təhsil ocağının tarixi, keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar və Bakı Nobel İrsi Fondu ilə həyata keçirilən əməkdaşlıqdan söz açıb.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tarixə şahidlik edən 140 yaşlı məktəbin zəngin ənənələrindən danışıb. Bildirib ki, üç əsrin şahidi olan məktəb bu gün ölkəmizin təhsil siyasətinə sadiq qalaraq səmərəli fəaliyyətləri ilə gənc nəslin təlim-tərbiyəsinə töhfələr verməkdə davam edir. N.Hüseynova şagirdlərin əldə etdiyi nailiyyətləri məktəbin ən böyük uğuru kimi dəyərləndirib.
İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentson Azərbaycanla İsveç Krallığı arasında bir çox sahələrdə uğurla inkişaf edən əməkdaşlıq münasibətlərindən söz açıb. Səfir Nobel qardaşlarının Azərbaycandakı mənəvi mirası hesab olunan 56 nömrəli tam orta məktəbə və bu təhsil ocağı ilə sıx əməkdaşlıq edərək dostluq bağlarını daha da möhkəmləndirən Bakı Nobel İrsi Fonduna təşəkkürlərini bildirib.
Digər çıxış edənlər yubilyar məktəbin kollektivini təbrik edib, tədris ocağının zəngin ənənələrinin müasir dövrün tələblərinə uyğun inkişafa təkan verdiyini nəzərə çatdırıblar.
Yubiley tədbirində illər öncə məktəbi bitirən məzunlar doğma məktəbləri ilə bağlı xatirələrini bölüşüb, kollektivə uğurlar arzu ediblər.
Sonda məktəbin 140 illik tarixindən bəhs edən videoçarx təqdim olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.