Naxçıvan mediasiya təşkilatının yeni binası istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Ədliyyə naziri vəzifəsini icra edən Hüseyn Səfərov və məsul şəxslər Naxçıvan mediasiya təşkilatının yeni ofisinin fəaliyyəti ilə yerində tanış olublar.
Naxçıvan mediasiya təşkilatının yeni inzibati binasının təqdimat tədbiri keçirilib.
İnzibati bina Naxçıvan şəhərinin Babək məhəlləsində, ikinci mərtəbədə, təxminən 120 m² sahəni əhatə edir.
Bina əsaslı təmir edilmiş və mediasiyada məxfilik prinsipinin qorunmasını təmin edəcək səviyyədədir.
Bina mediatorlar üçün iş otağı, mediasiya prosesi üçün zal, qeydiyyat, arxiv, direktorun və digər əməkdaşların iş otaqlarından ibarətdir.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Hüseyn Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri xanım Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini, rəis səlahiyyətlərini müvəqqəti icra edən Müslüm Cabbarzadə və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin rəisi Səttar Zamanov iştirak edib. Bina ilə tanışlıqdan sonra çay süfrəsi ətrafında səmimi işgüzar söhbət aparılıb.
Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov Azərbaycan Respublikasının Mediasiya Şurasının, o cümlədən Şuranın üzvü olaraq Naxçıvan mediasiya təşkilatının fəaliyyəti, əldə edilən nailiyyətlər, mediasiyanın inkişafı nəticəsində əldə edilən müsbət nəticələr, həmçinin Türk Dünyası Mediatorlar Birliyinin yaradılması və Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun bu Birliyin sədr müavini seçilməsi haqqında qonaqlara ətraflı məlumat verib.
Pənah Mehdiyev, Hüseyn Səfərov və xanım Səadət Bəktaşi mediasiya institutunun məhkəmə-hüquq islahatlarının davamı olduğunu, yarandığı gündən qısa müddət keçməsinə baxmayaraq mübahisələrin həll olunmasında alternativ yol kimi layiqli yer tutduğunu ifadə edib. Onlar Naxçıvan mediasiya təşkilatına fəaliyyətində uğurlar arzulayaraq, bundan sonra da zəruri köməklikləri göstərəcəklərini bildiriblər.
Sonda xatirə fotosu çəkilib.