“Ali Məhkəmə artıq özü yekun qərar qəbul etməklə məsələnin illərlə uzanmasının qarşısını alır”

Hit: 572
“Ali Məhkəmə artıq özü yekun qərar qəbul etməklə məsələnin illərlə uzanmasının qarşısını alır”
“Ayrı-ayrı işlərlə bağlı verdiyimiz kassasiya şikayətləri təmin edilərək, hər iki iş üzrə apellyasiya məhkəmələrinin çıxardığı qətnamələr tam ləğv olunub, Ali Məhkəmənin özü tərəfindən yekun qərar qəbul edilib. Hesab edirəm ki, icraatımda olan işlərlə bağlı dalbadal belə qərarların qəbul edilməsi onu göstərir ki, Ali Məhkəmədəki son köklü islahatlar doğrudan da işə yarayıb. Həqiqətən də verilən kassasiya şikayətləri yazılı icraat qaydasında olmasına baxmayaraq, ciddi araşdırılır”.
 
E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə bildirib.
 
Vəkil qeyd edib ki, Ali Məhkəmə artıq özü yekun qərar qəbul etməklə, məsələnin illərlə uzanmasının qarşısını alır: “Ali Məhkəmədəki bu yeni tendensiyanı, bu yeni nəfəsi çox bəyəndim. Çünki əvvəllər Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya şikayətini təmin edərək, işi lazım oldu-olmadı, adətən apellyasiya məhkəməsinə yeni baxışa göndərirdi. Bu da əlavə iş yükü, vaxt, əsəb-stress yaradırdı. Düşünürəm ki, Ali Məhkəmə artıq əsaslı hesab etdiyi şikayətlər üzrə yekun qərar qəbul etməyə əvvəlki illərə münasibətdə daha yönəlikdir, daha istəklidir. Bu addım vətəndaş cəmiyyəti üçün çox ümidvericidir”.








Redaktorun seçimi